Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi

“Ədəbiyyat və incəsənət” üçün

Azərbaycan musiqi təhsilinin, xüsusən də milli musiqi təhsilinin inkişafı və gələcəyində mühüm rol oynayan, 25 illik yubileyinin astanasında olan Azərbaycan Milli Konservatoriyasının nailiyyətlərinin əsası onun əzmkar tələbələridir. Çətin və unudulmaz, həyəcanlı, eyni zamanda maraqlı imtahan sessiyasını başa vurmuş sevimli tələbələrimiz çox ağıllı və tədbirlidirlər.

Tələbələr arasında artıq sənətin zirvəsində olanlar da az deyil. O şəxslər ki, hər zaman müəllimləri, ustadları onlarla fəxr edir. Bu gün sizə onlardan birinin nailiyyət və uğurları haqqında söhbət açmaq istəyirəm. Söhbət AMK-nın Etnomusiqişünaslıq ixtisası üzrə magistr tələbəsi, istedadlı musiqişünas Zeynəb Bağırdan gedir. Onun uğurlarını elmi konfranslarda kürsüdən etdiyi zəngin çıxışlardan, əlbəttə ki, izləyir və qürur duyurdum, Lakin son aylarda mənə könüllü olaraq mətbuat işlərində kömək etməyə başladıqda, onun nə qədər bacarıqlı və müdrik olduğunun şahidi oldum.

Azərbaycan Milli Konservatoriyasının sənətkarlardan dərs almış davranış və bacarıqlarında nümunəvi tələbələri var. Bu barədə çox danışmışıq. Zeynəb də bu cür tələbələrdəndir. İmtahanları müvəffəqiyyətlə bitirib, əlaçı olan Zeynəb, əziyyətinin bəhrəsini hiss edir. Çox sevinclidir. Ona yeni başladığı tədqiqatı haqqında söz açmağını istəyəndə, daha da şövqlə danışmağa başladı. Tədqiqat mövzusu və tədqiqatına olan sevgisi tükənməzdir. Zeynəb Bağır 2023-cü ildən AMK-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi Lalə Hüseynovanın rəhbərliyi ilə əvvəl bakalavr, sonra isə magistr kimi tədqiqata başlayıb. Artıq iki ildir ki, bu mövzuda işlər aparır. Tədqiqatın mövzusu – İraq türkman (Kərkük) musiqisidir. Çox maraqlı bir mövzu olduğunu düşünür. Bilirik ki, İraqda yaşayan türk mənşəli xalq türkman kimi qeyd olunur. İraq türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq, sistemli şəkildə ilk dəfə əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir. Qəzənfər Paşayev və onun izi ilə gedən yetirmələri tərəfindən Kərkük folkloru və ədəbiyyatı əsaslı şəkildə araşdırılıb. Düşünürəm ki, musiqisinin araşdırılması geniş miqyasda yalnız bu tədqiqatda özünü ifadə edəcək. Bu ki çox sevindirici haldır. Onda insan ikiqat əzmlə və bacarıqla bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır.

Həm də Zeynəb öz ustadları, sevimli müəllimləri, mənəvi dayağı bildiyi elmi rəhbərindən də böyük ruh alır.

Zeynəb söhbətinə davam edir:

AMK nəzdində musiqi kollecinin müəllimi Mehman Mikayılov tərəfinən 13 üç Kərkük mahnısını notlaşdırsa da, məhz Kərkük bölgəsinin mahnılarından bəhs edən müəyyən yazılar olsa da, indiyə qədər Azərbaycan musiqişünaslığında İraq-Türkman musiqisinin tədqiqi məsələsinə bu cür əhatəli şəkildə müraciət edən olmayıb. Düzdür həmişə musiqi mübadiləsi olub, yalnız akademik səviyyədə araşdırmaq, konfrans keçirmək, elmi məqalələr, layihələrlə gündəmə gətirilməsi bir ilkdir. Tədqiqatları sevərək aparırıq, mən çalışıram ki, ümumilikdə İraqdakı bütün türkmanların musiqisinin tədqiqinə nail olum. Bunun üçün tezliklə ora səfər etməyi düşünürəm. Sahə tədqiqatları aparmağa çox iddialıyam, çünki regional fərqlilikləri elə yerindəcə araşdırmaq niyyətindəyəm. Qeyd edim ki, tədqiqatın “İraq türkmanlarının ənənəvi musiqisi” adlandırdığımız birinci mərhələsi artıq bitib. Bu mərhələdə makam, xoyrat, mahnı və rəqsləri tədqiqata cəlb etmişdik.

Elə keçən il, 2024-cü ilin may ayında “İraq və türkman (Kərkük) musiqisinin tədqiqi məsələləri” adı altında konfrans oldu. AMK-nın təşkilatçılığı ilə Kərkük Kültür Dərnəyi ilə birgə keçirilən konfransda Zeynəb Bağır “İraq türkman və Azərbaycanın mədəni əlaqələri” mövzusu ilə çıxış etmişdi. Həmin konfransda AMK-nın professor-müəllim heyəti, əməkdar elmi xadim Qəzənfər Paşayev və türkman sənətçilər də iştirak edirdi. Konfransdan sonra elə həmin gün böyük bir konsert keçirildi. “Kərkükdən Azərbaycana” adı altında keçirilən o möhtəşəm konsertə də aparıcılığı elə Zeynəb etmişdi. Həmin gün başqa baxışlarla olsa da eyni köklü Kərkük və Azərbaycan musiqiçiləri gözəl yaddaşlardan silinməyən konsert təşkil etmişdilər. “Kərkükdən Azərbaycana” adlı konsertdə Azərbaycanda sevilərək ifa olunan türkman xalq mahnıları yer almışdı. Qonaq ifaçılar Mehmet Neccar, professor Ömər Türkmanoğlu, Mehmet Kaya baba, Azərbaycandan əməkdar artist Nuriyyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Pərvaz İbrahimlinin təqdimatında əsərlərdən ən unudulmazı “Evlərinin önü yonca” deyimli o sevimli mahnı idi ki, heç vaxt yaddaşımdan silinməz. Sənətçi, şair və jurnalist, publisist və eyni zamanda Kərkük əsilli Sinan Səidinin ifasında ürəyimizə həkk olan “Evlərinin önü yonca, Yonca qalxmış dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə,” türküsü oldu. Sinan Səid Azərbaycanda indi əməkdaş olduğum Beynəlxalq radioda işləmək üçün Azərbaycana gəlib və burada təhsil alıb, o zamanlar onun Nərminə Məmmədovayla oxuduğu bu türkü dillər əzbəri idi.

İraq Türkman (Kərkük) musiqisi mövzusunda tədqiqat işlərini sona çatdırıb, elmi işi və yeni kitab üzərində çox böyük sevgiylə çalışan gənc musiqişünas Zeynəb Bağıra uğurlar diləyirəm. Onun bu yeni tədqiqat kitabının elm yolunda bir çıraq olacağından əminəm. Bu mövzuda geniş hərtərəfli miqyasda araşdırmasının məhsulu olan kitab barədə isə onu deyə bilərəm ki, sözügedən kitab tələbələrə, gənc alimlərə, İraq Türkman (Kərkük) xalqı və Azərbaycan xalqına, AMK-da dərs aldığı ustad müəllimlərinə töhfə olacaq və sevinc bəxş edəcək.

Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin və onun rəhbəri Fərdin Məhəmmədzadənin təşkil etdiyi müsabiqədə musiqişünasların çıxışının şahidi olanda da qürur hissi keçirmişdim. Zeynəb başda olmaqla bir çox tələbə bir-birindən maraqlı mövzularla çıxış edərək, səlist nitqi və fikirlərinin mükəmməl izahı ilə hər kəsi valeh edə bilmişdilər. Mən AMK-nın musiqi dünyasında təhsil alan bu tələbələrdən çox böyük uğurlar gözləyirəm. Elə bu baxımdan da Zeynəb Bağırın İraq türkman (Kərkük) musiqisindən tədqiqat aparmağı, bu haqda kitab hazırlamağı məni çox fərəhləndirdi. Təsirlənib, onun haqqında yazmaq istədim. Çünki ilk dəfə olaraq, İraq türkman musiqisi bütün qollarında araşdırılıb, kitab halına gətiriləcək. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Zeynəb Bağırın təqdirəlayiq işləri onu musiqişünaslıq sahəsində gələcəyin böyük alimlərindən biri kimi görməyə imkan verir. O, həmçinin yaradıcı münasibətləri inkişaf etdirməyə və tərəflər arasında sıx əməkdaşlıq qurmağa çox böyük maraq göstərir. Zeynəbin bu istiqamətdəki nailiyyətləri, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə musiqişünaslığın inkişafına xidmət edəcək.

Zeynəbin əzmkarlığı və sevgisi ilə apardığı bu tədqiqatların hər bir qismi, gələcəkdə bu sahənin daha da inkişaf etməsinə və daha geniş miqyasda tanınmasına səbəb olacaq. Onun İraq türkman (Kərkük) musiqisini dərindən araşdırmaq və bu haqda kitab yazmaq istiqamətindəki uğurları, həm də Azərbaycan Milli Konservatoriyasının bu sahədəki müvəffəqiyyətini nümayiş etdirir.

Nəticədə, Zeynəb Bağırın bu aləmə olan böyük marağı və əzmkarlığı, onun gələcəkdə çox böyük bir musiqişünas və elmi işlər sahəsində dərin izlər buraxacaq bir şəxsiyyət olacağına işarədir. Onun apardığı tədqiqatlar, İraq türkman (Kərkük) musiqisinin geniş təhlilinə və bu musiqi nümunələrinin təkcə Azərbaycanda deyil, dünyada da daha yaxşı anlaşılmasına kömək edəcək. Bu sahədəki uğurları, həmçinin gələcək nəsillər üçün ilham mənbəyi olacaq. Onun bu aləmə nə qədər valeh olduğunu həm də ondan bildim ki, hətta yazdığı şeir parçasına Kərküklü xanəndə İbrahim Rauf Tərzi “Bağışla” adlı mahnı bəstələmiş və onu “Yetimi xoyratı” ilə birlikdə təqdim etmişdir. Bu da Zeynəbin uğurudur sanıram. Görünür ki, tədqiqatlar həm də tərəflər arasında sıx əməkdaşlığa və başqa yaradıcı münasibətlərə gətirib çıxarıb. Zeynəb öz seçdiyi mövzusunun hər qisminə özünəməxsus yanaşmaq və bu mədəni əlaqələrin əyani olaraq iştirakçısı olmaq istəyir.

İraq türkman (Kərkük) xoyratında deyilir:

“Köprüdən

Kərkük yaxın, Köprüdən.

Bir yan uçurum, bir yan od,

İgid ol, keç köprüdən!”

İndimən də igid balamız, sevimli tələbəmiz Zeynəbə bu misraların sehrində uğur diləyirəm.

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)