16 yanvar 2025-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTi) birgə təşkilatçılığı ilə keçirilən “Qanlı və şanlı tariximiz” adlı tədbir, 20 Yanvar faciəsinin 35-ci ildönümünü ilə yanaşı, xalqımızın yenilməz ruhunun əbədiliyinin də anıldığı tarix oldu.
İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Bu adi sükut deyildi. Tankların altında əzilməyən iradənin, güllələrə sinə gərən şəhidlərin mübarək ruhuna hörmətin sükutu idi.
Tədbir AMK-nın rektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadənin çıxışı ilə başladı. Kamilə xanımın “20 Yanvar təkcə faciə deyil, bu xalqın azadlıq yolunda ilk qəti addımıdır. Bu tarix həm qanlı, həm də şanlı tarixdir!” ifadələri iştirakçıların qəlbindəki oyanışı daha da gücləndirdi. Rektor çıxışının sonunda tədbirin təşkilində dəstək göstərən ATGTi rəhbərliyinə, ədəbi-bədii hissənin ərsəyə gəlməsində böyük zəhməti olan əməkdar artist Ramil Qasımova və iştirakçılara dərin təşəkkürünü bildirdi.
Sonra zalı qaranlığa bürüyən bir videoçarx nümayiş olundu. Qanla boyanmış küçələr, şəhidlər, o gecənin dəhşətləri. Amma bu görüntülərin arxasında yalnız faciə yox, həm də dirəniş görünürdü. O gecə bir millət yenidən doğuldu, azadlıq ruhu dirçəldi.
Təsirli görüntülərin ardından zaldan bir səs ucaldı. Muğamın sədaları zalı bürüyəndə hər kəs sükuta qərq olmuşdu. Xanəndə zərif, lakin qətiyyətli addımlarla zalın içindən keçərək səhnəyə doğru irəlilədi. Onun ürəkdən gələn səsi ilə kamançanın həzin ahəngi birləşərək şəhidlərin ruhuna ehtiram bəxş edirdi. Bu an musiqi yalnız eşidilmir, həm də hiss olunurdu – tarixə, ağrıya və qürura çevrilmiş bir səda kimi.
Səhnədə xalq artisti Azər Zeynalovun səsi zala bir ağı, eyni zamanda üsyan gətirdi. Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab, İnara Babayeva, AMK-nın müşaviri Riad Quliyev, Dirijorluq kafedrasının müdiri, bəstəkar Pikə Axundova və AMK-nın tələbələri Elvin Babaşov, Fuad Əzizzadə, Nuray Hacızadə, Ərşad Heydərov, Rəna Mirağayeva, Reza Doshtor Mohammadi təsirli ifalarında yalnız kədəri deyil, həm də o gecənin dirəniş və yenilməzlik ruhunu yaşatdılar. Onların musiqisi yalnız şəhidlərin xatirəsinə bir ehtiram deyil, həm də azadlıq uğrunda verilən andın təsdiqi idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə yekunlaşdı. Amma bu mərasim heç də yalnız bir xatirə tədbiri deyildi. Bu, millətin öz qəhrəmanlarına verdiyi sözü bir daha təkrarladığı, keçmişin ağrılarını gələcəyin zəfərinə çevirən bir and mərasimi idi.