Page 50 - Konservatoriya 1.1
P. 50
oxuması əsasında bəstələdiyi «Şur» və «Kürd-ovşarı» simfonik
muğamlarının bir çox təsniflərini yazmışdır.
Cabbar Qaryağdı oğlu bir muğam ustadı kimi klassik muğamların
təkmilləşdirilməsi üzərində çalışmış, «Rast», «Çahargah», «Segah» və
«Mahur» muğamlarına yeni-yeni variantlar, guşələr və xallar əlavə
etmişdir. Cabbar Qaryağdı oğlunun 20-ci əsrin əvvəllərində qrammofon
vallarına yazdırdığı muğam və təsniflər indi belə öz orijinallığını
itirməmişdir.
Görkəmli yazıçı M.S.Ordubadi isə Qaryağdı oğlunu «Şərq musiqisinin
böyük mütəxəssisi» adlandırmışdır.
Cabbar Qaryağdı oğlu heç bir zaman özünü öyməmiş, sənətdə
«mənəm-mənəm» deyənləri xoşlamamışdır. O, yüksək mədəniyyətli,
təmizürəkli, təvazökar olmuşdur. O, yoxsulların qayğısına qalan, xalqın
xeyriyyə işlərinə kömək edən, əliaçıq bir insan idi.
Öz şəxsi mənafeyini xalqın və dövlətin mənafeyindən üstün tutan,
«pullu toylara» aludə olan pulgir xanəndə olmamışdır. O, inqilabdan
əvvəl, istərsə də sonralar verdiyi böyük konsertlərdən bir qəpik belə pul
almamış, ona yığılan pul xalqın xeyriyyə işlərinə sərf edilmişdir.
Cabbar Qaryağdı oğlunun kövrək səsi və böyük sənəti həmişə
mədəniyyətimizin və incəsənətimizin məşhur xadimlərinin diqqət mərkə-
zində olmuşdur. N.Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqver-
diyev, N.Nərimanov, Ü.Hacıbəyli, S.Vurğun, Ə.Vahid, M.İbrahimov və
S.Rüstəm kimi görkəmli sənətkarlarımız böyük müğənnimizin coşğun
zəngulələrindən, şirin xallarından və zərif guşələrindən həzz almış, onun
dolğun yaradıcılığına yüksək qiymət vermişlər. Böyük rus müğənnisi
F.İ.Şalyapin C.Qaryağdı oğlunun yaxın dostu olmuşdur. Şalyapin Bakıya
qastrola gələrkən Qaryağdı oğlunun qonağı olardı. Azərbaycan
xanəndəsinin gözəl səsi rus müğənnisini valeh edərmiş. Görkəmli rus
şairi Serkey Yesenin də Bakıda olarkən (1924) dəfələrlə Cabbar
Qaryağdı oğlunun məclislərində iştirak edər, onu dinləməkdən doymazdı.
Söyləyirlər ki, qoca sənətkar bir gün Sergey Yeseninin şərəfinə verilən
qonaqlıqda (Ə.H.Qarayevin evində) elə oxumuşdur ki, rus şairi həmin
məclisdə Cabbarın şərəfinə şeir söyləmiş, onu «Şərq musiqisinin
peyğəmbəri» adlandırmışdır.
Qaryağdı oğlunun öz orijinal sənət yolu – məktəbi olmuşdu. Xalq
yaradıcılığı sənətinin inkişafında, gənclər arasında musiqinin intişar
tapmasında yaxından iştirak etmiş və bu işin əsasını qoyanlardan biri
olmuşdur. Onun yetişdirmələrindən Çarıxçı Bahadır, Əkbər Xamuş oğlu,
Davud Səfiyarov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Yavər Kələntərli, Sürəyya Qacar, Həşim Kələntərli kimi
xanəndələri göstərmək olar. Bunlardan əlavə Şəkili Ələsgər, İslam
50