Page 48 - Konservatoriya 1.1
P. 48
1934-cü ildə altı ay müddətində professor Bülbülün rəhbərlik etdiyi
«Azərbaycan musiqisini öyrənən elmi kabinet»ə 220 xalq mahnısı, təsnif
və 70-ə qədər xalq musiqi parçası vermişdir. İfa etdiyi 300-ə qədər mahnı
və təsnifi professor Bülbül fonovalikə yazmış, bəstəkar Səid Rüstəmov
isə nota köçürmüşdür. Cabbar Qaryağdı oğlu tərəfindən fonovalikə
köçürülmüş 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən
elmi kabinet tərəfindən «Azərbaycan xalq nəğmələri» başlığı altında
ayrıca kitab şəklində çap edilmişdir.
1934-cü il may ayının 30-da Tbilisidə Zaqafqaziya xalqlarının
incəsənət olimpiadası açıldı.
Olimpiadada böyük müvəffəqiyyətlə çıxış edən 74 yaşlı Cabbar
Qaryağdı oğlu birinci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri Fərmanı ilə təltif edilmişdi. O
dövrün mətbuatında Cabbar Qaryağdı oğlu haqqında yaxşı rəylər
yazılmışdı.
1935-ci il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrının binasında Cabbar Qaryağdı oğlunun anadan olmasının 75 illik
yubileyi keçirilmişdi.
Rəsmi hissədən sonra böyük «Şərq konserti» olmuşdu.
Təntənəli yubiley gecəsində Cabbar Qaryağdı oğluna xalq artisti adı
verilməsi münasibəti ilə Azərbaycan Xalq Komissarları Şurasının qərarı
oxunmuş, yubilyara 1500 manat mükafat, pianino, patefon, qızıl saat və
s. qiymətli hədiyyələr verilmiş, şəxsi təqaüd təyin edilmişdi.
Cabbar Qaryağdı oğlunun yaradıcılığı çoxcəhətli idi: o xanəndə,
bəstəkar və şair kimi də tanınırdı. Cabbar poetik yaradıcılığa gənc
yaşlarından başlamışdı. O, kiçik şeirlər, sonralar isə qəzəllər yazmışdır.
Onun «Var» rədifli məşhur qəzəli xanəndələr tərəfindən sevilə-sevilə
oxunmuşdur.
Cabbar Qaryağdı oğlu təsniflərdə olan bir çox şeirləri yenidən işləmiş,
onlarca mahnının mətnini yazmışdır. Bu təsnif və mahnılardan
«Məmələr», «İstəkanın deşilsin», «Kaş ki, bayram olmayaydı», «Məni
dövri-fələk», «Tiflisin yolları», «Naxçıvanın gədiyindən aşeydim»,
«Qalalıyam qalalı», «Qarabağda bir dənəsən», «Ay ayağında məsi var»,
«Gəlin gedək Daşaltına gəzməyə» və s. göstərmək olar.
Onun xüsusi bir məharətlə bəstələdiyi «İrəvanda xal qalmadı» mahnısı
dillər əzbəri olmuşdur.
Cabbar Qaryağdı oğlu xanəndəlik sənətində yeni mərhələ açmışdır. O,
keçmiş xanəndələrdən fərqli olaraq, Nizaminin, Füzulinin, Zakirin,
Vaqifin, Seyid Əzim Şirvaninin və Natəvanın şeirlərindən istifadə edib,
fars təsniflərinin əvəzinə Azərbaycan dilində təsniflər oxumağa
başlamışdır. Bunun başlıca səbəbi isə sənətkarın ədəbiyyatımızı yaxşı
48