Page 49 - Konservatoriya 1.1
P. 49

bilməsi və xalqa yaxın olması idi. Bir çox xanəndələr (Malıbəyli Həmid,
Zabul Qasım, İslam Abdullayev) Cabbarın yolu ilə gedərək, bilavasitə
Azərbaycan şairlərinin qəzəllərini oxuyurdular.

                                         ***

   Dünya musiqi aləmində Cabbar Qaryağdı oğlunun adı E.Karuzo,
F.Şalyapin və B.Cili kimi böyük müğənnilər ilə yanaşı çəkilə bilər.

   Cabbar Qaryağdı oğlunun vokal sənəti sahəsindəki yaradıcılığı, milli
musiqimizin inkişaf yollarını tədqiq etmək üçün son dərəcə maraqlıdır.
Onun yaradıcılığında xalq xanəndələrinin gözəl ənənələri öz təcəssü-
münü tapmışdır.

   Uzun illər Cabbarla bir yerdə xalq sənətinə xidmət etmiş görkəmli
ustalarımızdan biri Qurban Pirimov Cabbardan söz düşəndə, onun yüksək
şəxsiyyəti, vicdanı, xalqa və sənətə olan böyük sədaqəti haqqında
danışaraq deyir: «Mən hələ sənətini bu cür istəyən adam görməmişəm. O,
beş hava oxumaq üçün yüz havaya qulaq asardı. Çoxlu kitab mütaliə
edər, söz seçərdi. İfa etdiyi hər hava ləyaqətli və bitmiş olardı. Ağzını
yüngüllüyə açmazdı, mərifətli, mənalı söz tapardı. Özü deyərdi ki, xalis
sənətkar camaatın başını qata bilməz, gərək onun mərifətini artıra».

   Cabbar Qaryağdı oğlu tenor tipli, geniş diapazona və yüksək tessetu-
ralı güclü səsə malik olmuşdur. O, səsə dinamik boyalar verməklə bir ne-
çə forma və mərtəbədə coşğun zəngulələr vurardı. Onun «Heyratı»da,
«Mahur»un «Vilayəti» şöbəsində, «Mənsuriyyə»də, «Hasar» və «Müxa-
lif»də vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir.

   1941-ci ilin mart ayında Bakıda keçirilən Ümumittifaq vokal kon-
fransında çıxış edən Bülbül Cabbar Qaryağdı oğlunun səsini dünyada
məşhur olan böyük italyan müğənnisi Enriko Karuzonun səsi ilə
müqayisə edərək Cabbara üstünlük vermişdir. «Cabbar Qaryağdı oğlu 2,5
oktava diapazonu olan usta xanəndədir. Cabbarın səsi Karuzonun
səsindən yüksəkdir. Cabbarın səsi kimi qüvvətli səs olmamışdır».

   Cabbar Qaryağdı oğlunun gözəl səsindəki məziyyət və məlahət heç bir
zaman dəyişməmişdir. O, 25-30 yaşlarında necə oxumuşsa, 70-75
yaşlarında eyni səs və məlahətlə oxumuşdur. Onun 70-75 yaşlarında zil
səslə oxuduğu muğamlar nəinki dinləyiciləri, hətta məşhur musiqi-
şünasları belə heyran etmişdir. Çox zil səs və coşğun zəngulələr tələb
edən «Heyratı», «Mənsuriyyə» kimi zərbi muğamları 70 yaşından sonra
oxumaq hər xanəndəyə müyəssər olmamışdır.

   Cabbar Qaryağdı oğlu muğamatın nota salınmasının qızğın tərəf-
darlarından olmuş və bu sahədə görkəmli bəstəkar Fikrət Əmirova
yaxından kömək etmişdir. Fikrət Əmirov Cabbar Qaryağdı oğlunun

                                             49
   44   45   46   47   48   49   50   51   52   53   54