Page 105 - Konservatoriya 1.1
P. 105
(“Səmayi-şəms”) → lya segah (“Sarənc”) → sol şur (“Mayeyi-Şur”a
qayıdış və sonluq). Fa-diyez şura əsaslanan simfonik muğamda isə
formanın hissələri arasında məqam-tonallıq münasibətləri bu şəkildədir:
fa-diyez şur (“Şur”) → si şur (“Şur-Şahnaz”) → re rast – do-diyez segah
(“Bayatı”) → lya rast (“Əraq”) → fa-diyez şur (“Səmayi-şəms”).
Göründüyü kimi, muğam dəstgah kompozisiyasının əsas xüsusiyyəti –
yüksələn xətt üzrə mərhələlərlə inkişafı, şur məqamının başlanğıc və son
mərhələdə özül əhəmiyyəti təşkil etməsi nəzərdən keçirdiyimiz hər iki
versiyada saxlanılmışdır. Xüsusilə “Mayeyi-Şur”, “Şur-Şahnaz” (kvarta
münasibətində), “Səmayi-şəms” (oktava münasibətində) şöbələri bu
baxımdan özünün ənənəvi bünövrə əhəmiyyətini doğruldur.
Muğamın inkişaf mərhələlərində rast və segah məqamlarına keçidlər
saxlanılsa da, bu məqamlara əsaslanan şöbələrin kompozisiyaya daxil
edilməsində fərqlər özünü göstərir. Belə ki, “Şur-Şahnaz” şöbəsindən
sonra muğam-dəstgahda “Bayatı-Qacar” və “Bayatı-türk” kimi şöbələr-
dən istifadə olunur ki, bu da rast məqam sferasına keçidlə şərtlənir, ondan
sonra “Şikəsteyi-fars” şöbəsi segah mühitinə keçid əmələ gətirir. Daha
sonra isə kulminasiyada yenidən şurda məqam-tonallıq reprizasından
sonra “Sarənc” şöbəsində segah məqam sferasının bərqərar olması və
yalnız bundan sonra “Mayə”yə doğru dönüş dəstgah kompozisiyasının
özünəməxsus cəhətləridir. Simfonik muğamda isə rast və segah
məqamlarına keçidlər üçhissəli quruluşa malik “Bayatı” bölməsində
cəmlənmişdir. Bəstəkar burada həm “Bayatı-Qacar”, həm “Qatar-bayatı”,
həm “Çoban bayatı”, həm də “Şikəsteyi-fars” mövzularından istifadə
edərək, rast-segah məqam dəyişkənliyini qabarıq göstərə bilmişdir. Bu
bölmədən sonra təsnif qismində “Evləri var xana-xana” xalq mahnısının
işlənilməsi segah mühitini möhkəmləndirir.
Lakin şurun ənənəvi məqam reprizası və kulminasiya şöbəsi olan
“Səmayi-şəms” əvəzinə simfonik muğamın növbəti bölməsində rastın
yeni tonallığına keçid diqqətəlayiqdir. Belə ki, “Şur” simfonik muğamına
“Əraq” şöbəsinin daxil edilməsi ənənəvi ifaçılıq versiyalarından fərq-
lənir. “Rast” muğamının kulminasiyasını təşkil edən və rast məqamına
əsaslanan “Əraq” şöbəsindən adətən, “Mahur-hindi”, “Rəhab” və
“Segah” muğamlarında inkişafın yüksək zirvəsində istifadə olunur. Bu
şöbənin musiqi məzmunu və melodik materialı buna tam şərait yaradır.
Lakin “Şur” muğamı kontekstində o, yalnız kulminasiyaya keçid
mərhələsini təşkil edir.
“Şur” muğam dəstgahında isə ənənəvi olaraq, “Şikəsteyi-fars”dan
sonra kulminasiyaya doğru hərəkət şur (“Səmayi-şəms”), segah
(“Sarənc”) və şur (“Hicaz”) məqamları üzrə gedir və artıq rast məqamına
keçidlərdən istifadə olunmur. Bu halda muğamın kulminasiya şöbəsi
mayənin oktavasına əsaslanan “Səmayi-şəms” şöbəsi deyil, ondan da
105