Page 104 - Konservatoriya 1.1
P. 104
Qərbdə təşəkkül tapmış bir yaradıcılıq metodudur: burada obrazların
kontrastlığı, əsas musiqi mövzularının təşəkkülü, inkişafı və mübarizəsi
səciyyəvi cəhətlərdir. Muğam isə əsrlərdən bəri kök salmış, özünəməxsus
musiqi materialına, inkişaf qanunauyğunluqlarına, məntiqi məqam
əsasına, masştablı formaya, əsl simfonizm rüşeymlərinə malikdir.
Muğamda ziddiyyətli mövzuların mübarizəsi olmasa da, bir mövzunun
daxilində emosional yüksəliş var. Bu, kulminasiyalarda özünü büruzə
verir və bu kulminasiyalar səsyüksəkliyi, dinamika, məqam cəhətdən
muğamın başlanğıc fazası ilə kəskin kontrastlıq yaradır. Demək olar ki,
məhz bu amillər bəstəkarın yaradıcılıq axtarışlarını istiqamətləndirmişdir.
F.Əmirov “Şur” simfonik muğamında eyniadlı dəstgahın ifasına xas
olan əsas xüsusiyyəti, yəni improvizə səciyyəli muğam şöbələrinin ciddi
vəznli rəng və təsniflərlə ardıcıllaşması prosesini simfonik muğamda da
həyata keçirmişdir. Muğam dəstgah kompoziyası ənənəvi olaraq, müəy-
yən muğam şöbələrinin ardıcıl inkişaf mərhələlərini özündə cəmləşdirir.
Məhz bu xüsusiyyət bəstəkara dolğun, dramaturji inkişafa malik simfonik
kompozisiya qurmaq imkanı vermişdir. Əsərin kompozisiyasında təzadlı
bölmələrin bir-birini əvəz etməsi musiqi məzmununa əlvanlıq aşılayır.
Bununla belə, kompozisiyada öz yerini alan təkrarlar, melodik –
intonasiya xatırlatmaları kompozisiya quruluşuna bütövlük gətirir.
F.Əmirovun simfonik muğamlarında əsaslandığı muğamların ənənəvi
şöbələri saxlanılsa da, bəstəkar onları öz yozumunda təqdim etmiş və
özünəməxsus kompozisiya yaratmışdır. Elə “Şur” simfonik muğamının
tərkib hissələrinin “Şur” muğam dəstgahının məcmusu ilə müqayisəsi
bunu sübut edir.
N.Məmmədovun not yazısında “Şur” muğam dəstgahı aşağıdakı şöbə və
guşələrdən ibarətdir: “Bərdaşt”, “Mayeyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-türk”
(“Bayatı-Qacar”), “Şikəsteyi-fars”, “Əşiran”, “Səmayi-şəms”, “Hicaz”,
“Sarənc”, “Nəşibi-fəraz” və “Şur”a dönüş (“Busəlik”). F.Əmirovun “Şur”
simfonik muğamında aşağıdakı bölmələr verilir: “Şur” (“Mayeyi-Şur”),
“Şur-Şahnaz”, “Rəng” (“Ay qadası”), “Bayatı”, “Təsnif” (“Evləri var xana-
xana”), “Əraq”, “Səmayi-şəms” (“Mayeyi-Şur”a dönüş).
Göründüyü kimi, muğam ifaçılığındakı “Şur” muğamı ilə “Şur”
simfonik muğamının tərkibində fərqli cəhətlər özünü büruzə verir. Bu
fərqləri izah etmək üçün eyni zamanda, muğamın həm ifaçılıq
təcrübəsindəki, həm də bəstəkar yaradıcılığındakı versiyasının məqam-
tonallıq planına nəzər salaq, belə ki, muğam kompozisiyasının quruluşu
bilavasitə onun məqam əsası ilə bağlıdır.
Onu da deyək ki, “Şur” muğamı lad əsasına görə zəngin və çox-
cəhətlidir. Müqayisə üçün “Şur” dəstgahının məqam-tonallıq planını
qeyd edək: sol şur (“Mayeyi-Şur”) → do şur (“Şur-Şahnaz”) → mi-
bemol rast (“Bayatı-Qacar”) → re segah (“Şikəsteyi-fars”) → sol şur
104