Dadaş-zadə Kamilə Hüseyn qızı (1960) – Azərbaycan Milli Konservatoriyasının rektoru, professor. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2000), Azərbacan Respublikasının Əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (2007). 2024-cü ildə sənətşünaslıq elmləri doktoru elmi dərəcəsi almaq üçün 6213.01 – “Musiqi sənəti” ixtisasında “Azərbaycan qəhrəmanlıq eposunun musiqi sinergetikası” mövzusunda dissertasiya müdafiə etmişdir.
1983-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Bakı Musiqi Akademiyası) musiqi tarixi və nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1984-1992-ci illərdə Respublika Aşıqlar birliyində elmi işçi, 1992-1997-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına BMA) nəzdində məktəb-studiyada müəllim, 1997-2001-ci illərdə elmi-metodiki işlər üzrə direktor müavini, 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında baş müəllim, 2003-cü ildən “Xalq musiqisi və musiqi alətləri” kafedrasının müdiri və dosenti, 2004-cü ildən “Musiqişünaslıq” kafedrasının müdiri, 2015-2024-cü illərdə “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmuşdur.
K.Dadaş-zadə etnomusiqişünaslıq sahəsində bir çox elmi əsərin müəllifidir. Onun elmi maraq dairəsini əsasən türk xalqlarının musiqi-epik yaradıcılığı təşkil edir. “Dastanın işarə sistemi” monoqrafiyasında (rus dilində, 2004) milli etnomusiqişünaslıqda epik havaların araşdırılması ilə əlaqədar ilk dəfə olaraq semiotik təhlil prinsiplərini tətbiq etmişdir. Araşdırmalarının bir qismi etnomusiqişünaslığın tarixi-nəzəri problemlərinə aiddir. “Yüksəliş” (Ü.Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq”) monoqrafiyasında (rus dilində, 2014) Ü.Hacıbəyli yaradıcılığının əsas qaynaqlarından biri kimi türk xalqlarının epik irsi göstərilir. K.Dadaş-zadə həmçinin milli musiqişünaslıqda ilk dəfə epik havaların araşdırılmasında müasir elmi paradiqmanın ən aktual istiqamətlərindən biri olan sinergetikanın bəzi metodoloji prinsiplərini tətbiq etmişdir. K.Dadaş-zadənin “EPOS: Epos Paradiqmaların Olağanüstü Sinerjisi” monoqrafiyasında epik musiqinin qeyri-xətti aspektləri araşdırılır.
K.Dadaş-zadənin türk xalqlarının musiqi-epik yaradıcılığı haqqında məqalələri beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan nəşrlərdə dərc edilmişdir. K.Dadaş-zadə Türkiyə, Almaniya, Rusiya, İspaniyada və d. ölkələrdə keçirilən bir sıra Beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir. Onun türk xalqlarının epik yaradıcılığına həsr olunmuş məruzələri müxtəlif Beynəlxalq təşkilatların (İCTM, İSME, ELİA və s.) düzənlədiyi konfranslarda dinlənilmişdir. K.Dadaş-zadə Avropa Şurasının STAGE layihəsi çərçivəsində AR Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanda mədəniyyət siyasəti” məruzəsinin müəlliflərindən biridir.
K.Dadaş-zadənin təşəbbüsü və onun rəhbərlik etdiyi kafedranın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 23 il ardıcıl olaraq “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfrans özünün elmi problematikasının əhəmiyyəti və mövzu dairəsinin genişliyi sayəsində ölkəmizin humanitar sferasında müəyyən mövqe qazanmışdır.