Page 71 - Konservatoriya 1.1
P. 71
Bu səfərlərdən biri də 1939-cu ildə məşhur Samur-Dəvəçi kanalının
açılışı ilə bağlı keçirilən tədbir idi. Bülbülün rəhbərliyi ilə təşkil olunmuş
konsert proqramında B.Mansurov da yorulmadan öz ifaçılıq məharətini
nümayış etdirmişdir. İran səfəri də bu cəhətdən böyük maraq doğurur.
1941 və 1944-cü illərdə tarzən İranda olarkən Azərbaycan Opera Teat-
rının və Dövlət Filarmoniyasının məşhur artistlərini müşayiət etmiş, İra-
nın musiqisi və ifaçılıq sənəti ilə yaxından tanış olmuşdur. Qeyd edək ki,
İrana birinci səfəri iki ay, ikinci səfəri isə dörd ay davam etmişdir. İranın
bir çox tanınmış xanəndələrini dinləyən B.Mansurov o dövrün əfsanəvi
xanəndəsi sayılan Əbülhəsən xan İqbalın da səsinin vurğunu olmuşdur.
Böyük Vətən müharibəsi illərində B.Mansurov bütün musiqi ictimaiy-
yəti nümayəndələri kimi ifaçılıq fəaliyyətini nümayiş etdirir. Əsasən
hərbi hissələr və hospitallarda konsertlər verir. Əsgərlərin vətənpərvərlik
ruhunu artırmaq üçün bütün yaradıcı imkanlarını əsirgəmir. Onların
qarşısında ürəkoxşayan, qəlbləri titrədən ifasını göstərir. Daha çox
keçmiş sovetlər dönəmində Azərbaycanın hüdudlarından kənarda çıxışlar
edirdi. Şimali Qafqazda hərbi döyüşlərin qızğın keçdiyi bölgələrdə
xanəndələrdən H.Zülalov və H.Haqverdiyev kimi sənətkarların iştirakı ilə
səfərlər təşkil edirdi. Bu xidmətlərinə görə B.Mansurov elə müharibə
illərində müxtəlif orden və medallarla təltif olunur.
Müharibədən sonrakı illərdə də istedadlı tarzən konsert ifaçılığını
davam etdirir. Məhz bu sahədəki xidmətlərinə görə 1954 və 1956-cı
illərdə respublikanın əməkdar mədəniyyət işçisi kimi fəxri adlardan
birinə layiq görülür.
Ümumiyyətlə, B.Mansurovun ifaçılıq fəaliyyətini 2 istiqamətə ayır-
maq olar: solo – muğam ifaçısı və müşayiətçi tarzən kimi. Qeyd edək ki,
hansı alətdə ifa etməsindən asılı olmayaraq, hər bir ifaçı daha çox öz sə-
nətkarlığını bir istiqamətdə formalaşdırmaq bacarığına yiyələnir. Bu ba-
xımdan isə Bəhram Mansurov istisna tarzəndir. Çünki o, hər iki istiqa-
mətdə fərdi ifası ilə seçilərək, çoxşaxəli yaradıcılığını inkişaf etdirmişdir.
Bu cəhət böyük zəhmət, əzm və ən əsası səbr tələb edən xüsusiyyətlərə
malik möhkəm təbiətli sənətkarın istedadından xəbər verir.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun B.Mansurovun
ifaçılıq üslubunu səciyyələndirən fikrini bu məqamda yada salmaq yerinə
düşərdi: “Bəhram Mansurovun əlində tar bütöv bir çalğı alətləri ansamblı
kimi səslənir... Həmişə tar barədə danışanda onun tembrini, koloritini,
ifadə imkanlarını xarakterizə edəndə, istər-istəməz Bəhram Mənsurovu
xatırlayırsan. Bir çox Azərbaycan xalq musiqiçiləri məndə təbii iftixar
hissi doğurur. Ancaq Mənsurova mən xüsusilə valeh olmuşam: ona görə
ki, onun ifaçılığı üçün canlı, təbii yaradıcılıq ilhamı xarakterikdir.
Bəhram sarı simlə həqiqətən möcüzə yaradır” (1.s.66)
71