Page 70 - Konservatoriya 1.1
P. 70
müvəffəqiyyətlə çıxıs etmiş onlarca müğənnilərimizi yetişdirmişdir. Eyni
zamanda özü də mahir ustad olaraq, zəngin yaradıcılıq təcrübəsi əldə
etmişdir. B.Mansurov deyirdi ki, “... mənim tarzən kimi tanınmağımda
xalq musiqimizin və muğam operalarımızın böyük təsiri olub. Mən fəxr
edirəm ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyovun həmişəcavan “Leyli
və Məcnun” operasını 50 ilə yaxındır ki, öz tarımda müşayiət edirəm” (B.
Mansurovun şəxsi arxivi).
Teatrdakı işi ilə yanaşı, B.Mansurov konsert ifaçısı kimi də fəaliyyət
göstərirdi. 1930–cu illərdən başlayaraq, sistemli şəkildə Azərbaycanın bir
çox tanınmış xanəndələri ilə çıxışlar edirdi. Görkəmli xanəndə Cabbar
Qaryağdı oğlu ilə 1931–ci ildəki konserti yaradıcılıq yoluna yeni qədəm
qoymuş tarzən üçün böyük uğur idi. Hər tarçalana C.Qaryağdı oğlu kimi
professional improvizatorluq bacarığına malik sənətkarı müşayiət etmək
nəsib olmurdu. İstedadlı xanəndənin tələblərinə cavab verən ifa
göstərmək B.Mansurov üçün ciddi məsuliyyət idi. Solo ifadan fərqli
olaraq, müşayiət tarçalandan ikiqat artıq musiqi duyumu və ifa bacarığı
tələb edir. Həm xanəndəyə, onun oxuma tərzində improvizə üsullarına
tabe olmaq, onu “izləmək”, həm də öz fərdiliyini, alətin texniki imkan-
larını yeri gəldikdə üzə çıxarmaq müşayiətçinin ciddiyyət, dəqiqlik və
diqqətinin göstəricisidir. Bu qabiliyyətə malik olan B.Mansurov üçün
C.Qaryağdıoğlu ilə yaradıcılıq birliyi böyük məktəb oldu.
Ondan sonra digər tanınmış xanəndələrimiz, Azərbaycan muğamının
inkişafında misilsiz zəhmətləri olan Seyid Şuşinski, Zülfü Adıgözəlov
kimi sənətkarlarla iş birliyi B.Mansurovun akkompaniatorluq təcrübə-
sində yeni səhifələr açdı. Müxtəlif oxuma üslubuna məxsus xanəndələrlə
çalışarkən onların fərdi xarakterinə, səs tembrinə, improvizə ustalığına
ehtiyatla, eyni zamanda yüksək professionallıqla yanaşmaq B.Mansu-
rovun ifasının zəngin çalarlılığını üzə çıxarırdı. Məhz bu xüsusiyyətləri
onun müşayiətini eşidən dinləyicilərin yaddaşına həkk olunmuşdur.
Hələ keçən əsrin 20–ci illərindən başlayaraq, Azərbaycanda konsert
silsilələri musiqi sənətinin təbliğində aparılan ən önəmli addım kimi qiy-
mətləndirilirdi. Bu işdə yalnız solo ifaçılar deyil, eyni zamanda müxtəlif
musiqi kollektivləri də yaxından iştirak edirdilər. Milli musiqimizin
təbliğatçıları sayılan xanəndə və sazəndələrimiz, solo tar ifaçıları zavod,
fabrik, neft mədənləri, kolxoz tarlalarında sistemli konsertləri ilə xalqın
işgüzar həyatına rəng qatır, insanların zəhmətsevərliyini öz istedadları,
ifaları ilə qiymətləndirirdilər. B.Mansurov da Azərbaycan musiqi
sənətinin qabaqcılları sırasında olaraq, incəsənətimizin təbliği və inkişafı
ruhu ilə yaşayan şəxsiyyət kimi hər zaman çıxış etmişdir. Öz ifası ilə bu
xeyirxah işdə aktiv iştirak edərək, respublikamızın bir çox rayonlarına
konsert səfərlərinə getmişdir.
70