Page 115 - Konservatoriya 1.1
P. 115
və iti rəqslər də vardır.
M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” əsərində xalq
rəqslərinin ifaçılıq xüsusiyyətlərinə görə bölgüsü irəli çəkilir. Belə ki,
bütün rəqsləri M.İsmayılov ifaçılıq baxımından üç qismə bölür: bir nəfər
tərəfindən (solo), iki nəfərin iştirakı ilə (duet) oynanılan rəqslər və
kollektiv rəqslər. Yuxarıda adları çəkilən rəqslər solo və ya iki nəfər
tərəfindən oynanılır, bu rəqslər xarakterinə, tempinə, melodiyasına görə
fərqlənir. “Cəngi” və “Yallı” kimi rəqslər isə kollektiv surətdə ifa olunur.
Bu rəqslərdə həm kişilər, həm də qadınlar iştirak edir.
Göründüyü kimi, milli rəqslər arasında ayrı-ayrılıqda kişilər və
qadınlar üçün nəzərdə tutulmuş rəqslərimiz meydana gəlmişdir. Kişilərin
ifaları üçün nəzərdə tutulmuş milli rəqslərimiz əsasən oyun tamaşa
xarakteri daşıyırdı. Bunların əksəriyyəti kişilərin güc və şücaətini
göstərmək üçün meydana gəlmişdir. Qadın rəqslərində isə ən çox zəriflik
nümayiş etdirmək ənənələri mövcud idi.
Maraqlıdır ki, tarixin bütün dövrlərində yaranan rəqs musiqi
nümunələri ritmik və melodik xüsusiyyətlərinə görə mərasim, bayram və
başqa şənlik iştirakçılarının yaşına, sosial vəziyyətinə uyğun şəkildə
meydana gəlmişdir. Belə ki, yaşlı nəsil üçün asta ritmlərdən ibarət olan
rəqs havaları üstünlük təşkil etmişdir. Daha oynaq ritmli rəqslər isə
gənclər üçün nəzərdə tutulmuşdur.
Bu qəbildən müasir xoreoqrafiyada Azərbaycan xalq rəqsləri
tempindən asılı olaraq ağır və cəld rəqs qrupuna bölünmüşlər. Bu rəqslər
fərdi və dəstə ilə ifa olunduqları kimi, qoşa və kütləvi şəkildə də ifa
olunurlar.
M.İsmayılovun tədqiqatının maraqlı cəhətlərindən biri də budur ki,
müəllif ayrı-ayrı rəqslərin yaranma tarixi və ifaçılıq xüsusiyyətləri ilə
bağlı məlumatları da çatdırır, məsələn, “Ceyran bala”, “Yallı” kimi
rəqslər haqqında məlumatlar bu qəbildəndir (2, s. 44-45).
Müqayisə üçün qeyd etmək istərdik ki, Qubad Qasımov Orta əsrlərdə
Azərbaycanda rəqs sənətinin inkişafından danışarkən, kollektiv rəqslərin
mövcudluğunu göstərir. Lakin o, İslam qanunlarının hökmran olduğu bir
mühitdə kişi və qadın rəqslərinin ayrı ifa olunduğunu vurğulayır (3, s.
61).
Bizcə, bu cəhətə diqqət yetirmək çox vacibdir. Çünki İslam
mədəniyyətində, eləcə də Orta əsrlər dövründə rəqs sənətinin
xüsusiyyətlərinin araşdırılması tədqiqatçıların nəzər-diqqətindən kənarda
qalmışdır, halbuki belə tədqiqatların aparılması xalq rəqsləri ilə yanaşı,
özünəməxsus ənənələrə və xüsusiyyətlərə malik saray rəqs
mədəniyyətinin mövcudluğunu da təsdiqləmək imkanı yaradır.
115