Page 116 - Konservatoriya 1.1
P. 116

Bayran Hüseynlinin rəqs musiqisinin toplanılması, nota yazılması və
tədqiqi sahəsində böyük xidmətləri vardır. Onun tədqiqatları (4) xalq rəqs
musiqisinin öyrənilməsi baxımından xüsusilə dəyərlidir. O, xalq rəqs
sənətinin təsnifatını iki mövqedən vermişdir: müşayiətinə görə və mövzu
əsasına görə. Eyni zamanda, o, rəqslərin musiqi dilinin xüsusiyyətlərinin,
yəni lad əsası, forma və metro-ritmik cəhətlərinin təhlilini aparmışdır.

   B.Hüseynli rəqslərin müşayiətinə diqqət yetirərək, onları üç növə
bölür: vokal müşayiətli rəqslər, vokal-instrumental və instrumental rəqs
musiqisi. Tədqiqatçının qənaətinə görə, vokal musiqi müşayiəti rəqs
musiqisinin ən qədim şəklidir. Belə ki, ibtidai cəmiyyətdə insanlar öz
rəqslərini müxtəlif küylərlə, sadə melodiyanı oxumaqla müşayiət et-
mişlər. İndiyə kimi mövcud olan mərasim xalq rəqs-mahnıları bu janrın
parlaq nümunəsidir.

   Xalq rəqslərinin vokal-instrumental musiqi müşayiəti xalq musiqi
yaradıcılığının sonrakı inkişaf mərhələsinə aiddir: sadə musiqi alətləri
meydana gəldikdən sonra insanlar öz oxuyub-oynamaqlarını instrumental
şəkildə müşayiət etmişlər. Bu da vokal-instrumental rəqs növünün yaran-
masına gətirib çıxarmışdır.

   Xalq rəqslərinin sırf instrumental musiqi müşayiəti tarix etibarilə xalq
musiqi yaradıcılığının daha sonrakı mərhələsinə aiddir. Musiqi alətləri
təkmilləşəndən sonra bu alətlərdə müəyyən melodiya çalmaq mümkün
olmuşdur. Tədqiqatçının fikrincə, məhz bu janra əsil rəqs musiqisi, yəni
müxtəlif xalq oyunlarını, tamaşalarını, idman yarışlarını müşayiət edən
instrumental musiqi daxildir. B.Hüseynli, həmçinin, professional bəstə-
kar yaradıcılığının məhsulu olan rəqs nümunələrini də bu növə aid edir.

   B.Hüseynlinin tədqiqatlarında xalq rəqslərinin məna məzmununa görə
bir neçə qrupa bölünməsini qeyd etməliyik. Bunlar: ənənəvi (“Səməni”,
“Novruzu”), məişət (“Bənövşə”, “Naz eləmə”, “Məzəli rəqs”, “Turacı”
və s.), əmək (“Çobanı”, “Həsri basma, dolan gəl” və s.), qəhrəmanı, hərbi
və idman oyunu (“Koroğlu döşəməsi”, “Qəhrəmanı”, “Cəngi”, “Cıdır” və
s.), kütləvi (“Yallı”, “Halay” və s.) rəqs növlərindən və müxtəlif mövzulu
rəqslərdən (“Brilyant”, “Xalabacı”, “İnnabı”, “Tərəkəmə” və s.) ibarətdir.

   Bütün bu rəqslər vokal, vokal-instrumental və instrumental müşayiəti
ilə fərdi (solo), birlikdə (duet) və dəstə şəklində ifa olunur. Onu da deyək
ki, M.İsmayılovun və B.Hüseynlinin təsnifatı rəqs sənətinin araşdırılması
ilə məşğul olan digər tədqiqatçılar tərəfindən də əsas götürülmüşdür.

   Azərbaycan xalq instrumental musiqisi el şənliklərində, xüsusilə toy
mərasimlərində bütün zənginliyi ilə təmsil olunur. Keçmiş zamanlardan
Azərbaycan toyuna aşıqlarla, sazəndələrlə yanaşı, zurnaçılar dəstəsi də
dəvət olunmuş, hətta demək olar ki, zurnaçılar toy şənliyi ilə bağlı ke-
çirilən mərasimlərdə – gəlin gətirmə və s. əsas musiqi müşayiətçisi

                                            116
   111   112   113   114   115   116   117   118   119   120   121