Page 118 - Konservatoriya 1.1
P. 118
rəqslər deyil, eyni zamanda hazırda xalqımız arasında geniş yayılmış rəqs
nümunələri də daxil edilmişdir.
Bayram Hüseynli “Azərbaycan xalq rəqs melodiyaları” adlı iki
məcmuə çap etdirmişdir. 1965-ci ildə işıq üzü görmüş birinci məcmuə 25
yallı melodiyasını, 1966-cı ilə aid ikinci məcmuə isə 15 halay
melodiyasını özündə cəmləşdirmişdir.
Əhməd İsazadənin və Nəriman Məmmədovun 1975-ci ildə “Xalq
mahnı və oyun havaları” adlı məcmuəsinə onlar tərəfindən Astara –
Lənkəran bölgələrindən toplanılan mahnı və rəqslər daxildir. Eyni
müəlliflər tərəfindən 1984-cü ildə ikinci məcmuə “Xalq mahnı və oyun
havaları” çap olunmuşdur.
1990-cı ildə çap olunmuş Səadət Abdullayevanın “Azərbaycan instru-
mental musiqisi” məcmuəsinə müxtəlif janrlı yüzdən artıq rəqs melodiyası
daxil edilmişdir. Onlardan böyük əksəriyyəti S.Abdullayeva tərəfindən nota
salınmış, bir hissəsi isə əvvəlki illərə aid məcmuələrdən götürülmüşdür. Bu
məcmuənin özünəməxsus cəhəti ondan ibarətdir ki, onun bölmələri xalq
çalğı alətləri: tütək, balaban, zurna, tulum, tar, saz, kamança və s., eləcə də
instrumental ansambllar üçün tərtib olunmuşdur. Hər bir nümunə haqqında
şərhlər – ifaçıların adları, nota yazılma tarixi göstərilmişdir ki, bu da
etnomusiqişünaslıqda ən vacib cəhətlərdən biridir.
Rəqs musiqisi ilə bağlı daha bir nəşr Rauf Bəhmənlinin 2002-ci ildə
çap etdirdiyi “Azərbaycan xalq rəqsləri” adlı məcmuəsidir. Buraya
müxtəlif mövzulu 150 rəqs daxil edilmişdir. Məcmuənin xarakter cəhəti
ondan ibarətdir ki, burada folklor musiqi nümunələri inkişaf etmiş yeni-
yeni məxəzlərlə zənginləşmişdir. Bu məcmuədə Azərbaycan xalq rəqslə-
rinin adlarının yaranması və inkişaf tarixi qısa şəkildə öz təhlilini tap-
mışdır. Rəqs melodiyaları R.Bəhmənli tərəfindən məşhur musiqi ifaçıları
Məmmədağa Ağayev, Teyyub Dəmirov, Şəmsi İmanov, Həsrət Hüsey-
nov, İzzətalı Zülfüqarov və başqalarının ifasından notlaşdırılmışdır.
Azərbaycan xalq rəqslərinin not yazıları irsi Azərbaycan Milli Elmlər
Akademiyası tərəfindən çapa hazırlanmış 10 cildlik “Azərbaycan xalq
musiqisinin antologiyası” nəşrinin ikinci cildində (“Azərbaycan xalq rəqs
havaları”, 2003) də öz əksini tapmışdır. Burada toplanmış 170 rəqsdən
əksəriyyəti əvvəlki illərdə məcmuələrdə çap olunan nümunələri əhatə
edir, eyni zamanda, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
əməkdaşları tərəfindən folklor ekspedisiyalarında toplanmış rəqslər də ilk
dəfə işıq üzü görmüşdür.
Göründüyü kimi, xalq rəqslərinin notoqrafiyası kifayət qədər genişdir.
Eyni zamanda, xalq rəqs sənətinin tədqiqində səsyazma irsinin də böyük
əhəmiyyəti vardır. Bütün bu nəşr olunan xalq rəqs məcmuələri milli rəqs
mədəniyyətinin öyrənilməsində zəngin tədqiqat materialıdır.
118