Page 39 - Konservatoriya 1.1
P. 39
F.Əmirov F.Şuşinskinin «Azərbaycan xalq musiqiçiləri» kitabındakı
«Misilsiz xəzinə» adlı ön sözündə yazırdı: «Görkəmli musiqi tədqiqatçısı
Firidun Şuşinskinin «Azərbaycan xalq musiqiçiləri» adlı sanballı
əsərində Azərbaycan xalqının mənəvi xəzinəsinin ən maraqlı, aktual
sahələrindən birinə toxunulur. Kitabda xalq musiqisi və onun tanınmış
nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir.
Məlum olduğu kimi, Azərbaycan musiqi mədəniyyətinin və xalq
incəsənətinin çoxəsrlik ənənələri vardır. Görkəmli incəsənət ustaları, xalq
xalq çalğı alətlərində çalanlar, xüsusilə xalq xanəndələri bu ənənələri
nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Klassik
xanəndələrin təcrübə və irsini not və səsyazma sayəsində öyrənmək isə
yalnız bizim əsrdə mümkün olmuşdur» (3, s. 5). O, sözünə davam edərək
göstərirdi ki, «Azərbaycan xalq musiqiçiləri» kitabında tanınmış xanəndə və
çalğıçılara, muğam ustası olan musiqişünaslara geniş yer verilmişdir. Kitab
XIX əsrin görkəmli xanəndəsi Hacı Hüsudən başlamış məşhur xanəndə Xan
Şuşinskiyə qədər yaşamış el sənətkarlarının demək olar ki, hamısını əhatə
edir. Bu klassik musiqiçilər, hər şeydən əvvəl, muğam ifaçıları olmuşlar.
Muğam həm bütövlükdə, həm də ayrılıqda bədii obrazların təsəvvür
və fəlsəfi ideyalarının bütöv bir dünyası deməkdir. Bu ecazkar aləmi
kütlələrə tanıtdıran sənətkarlar ən əvvəl xanəndələr və onları müşaiyət
edən virtuoz çalğıçılar olmuşlar. Xanəndələr yalnız kişi üçün yüksək
tessiturlu, qüdrətli səsə malik olmaqla qalmır, onların həm də zəngin xalq
musiqi ənənəsinin davamçıları, muğam sənəti ifaçılarının təcrübələri və
gözəl biliciləri idilər.
Muğamı improviziya ilə başlamaq ən əsas şərtlərdəndir. Muğamlar
melodik zənginliyi, ecazkarlığı və intonassiyası hər xanəndənin fərdi
ustalığından və fantaziyasından asılıdır.
Lap qədim zamanlarda muğam Şərq poeziyasının yol yoldaşı olmuşdur.
Belə ki, muğam ifa olunarkən xanəndələr Nizami, Xaqani, Nəsimi, Füzuli
kimi qüdrətli sənətkarların qəzəllərini oxumuşlar. Buna görə də muğam
ifaçıları eyni zamanda şairlərin yaratdıqları ölməz əsərlərin yorulmaz
təbliğatçıları olmuşlar. Muğam sənəti Azərbaycan musiqi mədəniyyətinin,
həmçinin bütün Şərq xalqlarının, o cümlədən türklərin, farsların, ərəblərin və
hindlilərin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Məhz bu baxımdan ilk Azərbaycan milli operalarının «Muğam operası»
adlandırılması təsadüfi deyildir. Milli operanın yaranmasında və inkişafında
misilsiz xidmətləri olan xanəndələrin fəaliyyətindən bəhz olunması bu
kitabın elmi əhəmiyyətini xeyli artırır. Məlumdur ki, Azərbaycan xalq
musiqiçilərinin həyatı, sənəti və fəaliyyəti ətraflı tədqiq olunmamışdır. Bu
məsələ vaxtilə Azərbaycan opera musiqisinin banisi Üzeyir bəy Hacıbəyovu
çox ciddi narahat edirdi. O, həmişə Azərbaycan bəstəkarlarını və mu-
siqişünaslarını milli musiqi mədəniyyətini və xalqın içindən çıxmış böyük
39