Page 14 - Konservatoriya 1.1
P. 14

«Xanəndələr tərəfindən ifa olunan muğamlar musiqimizin janrları içəri-
sində ən əsas və əhəmiyyətli yerlərdən birini tutur. Xalq dühasının ən parlaq
yaradıcılıq məhsulu muğamlardır. Muğamat musiqimizin təməl daşı, onun
bünövrəsi, onun dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı ma-
hnılar, təsniflər və oyun havaları muğamat üzərində yaranmışdır» (2, s. 9).

   Azərbaycan musiqisinin ən əsas sahələrindən biri olan xanəndəlik
sənəti mürəkkəb inkişaf yolu keçmişdir. Təəssüf ki, musiqi mədəniyyə-
timizin tarixində müstəsna xidmətləri olan xanəndələr haqqında yazılı
ədəbiyyat olduqca azdır. Doğrudur, son 20-30 ildə xanəndə sənəti və
onun bir sıra görkəmli nümayəndələri haqqında elmi monoqrafiyalar,
ayrı-ayrı tədqiqat əsərləri meydana çıxmışdır. Lakin burasını da
gizlətmək olmaz ki, bütün bunlar qədim tarixə malik olan musiqi
mədəniyyətimiz haqqında tam təsəvvür yarada bilmir. Ayrı-ayrı xanəndə
və musiqiçilərimizin yaradıcılıq fəaliyyətini hərtərəfli öyrənmədən
təbiidir ki, milli musiqi tarixini yaratmaq olmaz.

   Azərbaycanda xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq çalğı
musiqisi də inkişaf etmişdir. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəl-
lərində Sadıqcan, Mirzə Fərəc, Məşədi Zeynal, Qurban Pirimov, Mirzə
Mənsurov, Məşədi Cəmil Əmirov, Şirin Axundov və b. tarzənlər, Qaraçı
Hacı bəy, Qulu Əliyev, Rasim Şirinov və b. məşhur kamançaçalanlar
yetişmişdir (2, s. 15).

   Musiqişünas Oqtay Quliyev Azərbaycan xalq musiqi ifaçılığı tari-
xindən bəhs edərək yazır:

   «Azərbaycan musiqisi və musiqi alətləri yarandığı qədim zamanlardan bu
günə qədər tarixən inkişaf edib təkmilləşmişdir. Müxtəlif əsrlərdə
poeziyamızın bir çox gözəl nümunələrini yaratmış Qətran Təbrizi, Nizami
Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid
Əzim Şirvani, Molla Pənah Vaqif kimi ölməz sənətkarların əsərlərində
təxminən 60-a qədər xalq çalğı alətlərinin adına rast gəlirik. Bu alətlər
mizrabla, kamanla, nəfəslə və zərblə çalınaraq dörd qrup təşkil edir.

   X-XI əsrə aid olan «Kitabi-Dədə Qoqud» dastanlarında bir çox musiqi
alətlərinin adı çəkilmişdir. Bu dövrdə çox geniş yayılmış qopuz adlı alət
aşıqların qədim əcdadları olan ozanların oxuduqları mahnıları müşaiyət
edirdi. «Kitabi-Dədə Qoqud»da həmçinin zurna, balaban, nağara, kuus,
davul adlı musiqi alətlərinin adına da təsadüf edirik.

   XI əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Qətran Təbrizi «Divan»
əsərində ərğənun, bərbət, rud çəğanə, ud, saz, ney, çəng, tar, rübab kimi
musiqi alətlərindən geniş söhbət açır» (3, s. 3).

   Bəzi simli musiqi alətlərimizi nəzərdən keçirək: Muğni – böyük Azər-
baycan musiqişünası Səfiəddin Urməvinin (1230-1294) İsfahan şəhərinə
səyahətindən qayıtdıqda ixtira etdiyi simli, dartımlı musiqi aləti (4, s. 52).

                                             14
   9   10   11   12   13   14   15   16   17   18   19