Page 13 - Konservatoriya 1.1
P. 13
bəzən improvizasiya formasını alır. Peşəkar musiqi mədəniyyətinin
inkişafı ilə ifaçılıq yaradıcılığı tədricən ayrılaraq musiqi incəsənətinin
müstəqil sahəsinə çevrilir. Bu, görkəmli ifaçı musiqiçilərə rast gəlinən
(məsələn, F.List, N.Paqanini, S.V.Raxmaninov, Tofiq Quliyev) bəstəkar-
ların öz əsərlərini ifa etmək təcrübəsini aradan qaldırmır. Vaxtilə dünya
ifa sənətinin ən yaxşı nümunələrini əbədiləşdirməyə və dönə-dönə
yenidən səsləndirməyə imkan verən qrammofon və maqnitofon səs
yazmalarının, indi isə kompyuter CD, CVD-nin ixtira edilməsinin musiqi
sənəti üçün böyük əhəmiyyəti vardır. Musiqi ifası incəsənətin növü
olmaq etibarilə musiqinin spesifik xüsusiyyətindən doğmuşdur.
Musiqi obrazlarını yalnız onları ifa prosesində yenidən bərpa etməklə
tamamilə qavramaq olar. Bu prosesdə ifaçı teatr aktyoru kimi, müəllif və
tamaşaçı arasında vasitəçi rolunu oynayır. Musiqi ifası fəal yaradıcılıq
xarakteri daşıyır. Bu da musiqi əsərlərinin, çalğıçının fərdi yaradıcılığının
xüsusiyyətlərilə şərtlənən ifaçılıq şərhinin özünəməxsusluğunda, ifaçılıq
üslublarının müxtəlifliyində təzahür edir. Bilavasitə dinləyicilər qarşısın-
da müşayiət edilən, canlı yaradıcılıq hadisəsi olan musiqi ifası ifaçının
incə və bir an daxilində meydana gələn hisslərini, əhvali-ruhiyyəsini,
həyəcanlarını göstərməyə qabildir. Lakin musiqi əsərinin məzmununun
diqqətlə öyrənilməsi, onun daxili qanunauyğunluqlarının dərindən dərk
olunması əsasında əsl və özbaşınalıqdan uzaq olan birgə ifa yaradıcılığı
azadlığı meydana gələ bilər. Musiqi əsərlərinin dolğun şərhi bəstəkarın,
not qeydlərində əks olunmuş qayəsinin saxlanılmasını, aşkara çıxarılma-
sını, zənginləşməsini nəzərdə tutur. Musiqi ifası musiqi incəsənətinin
ayrılmaz bir hissəsi olmaqla, insana böyük emosional təsir gücünə
malikdir. İfaçılıq yaradıcılığının bədii səviyyəsi ifaçının istedadından,
onun fərdi yaradıcılığından, baxışlarının mütərəqqiliyindən, bədii və
texniki ustalığının dərəcəsindən asılıdır (1, s. 282).
Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla
yanaşı Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ənənələ-
rindən də müəyyən dərəcə təsirlənmiş, daha da inkişaf edib müasir səviy-
yədə zənginləşib yeni ideya-məzmun keyfiyyətləri kəsb etmişdir. Şübhəsiz
demək olar ki, dünyanın mütərəqqi musiqi mədəniyyəti xəzinəsini öz nadir
inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin inkişafında xalq musiqisi
yaradıcılarının, eyni zamanda xanəndələrinin böyük xidmətləri olmuşdur.
Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan
xalq musiqisini təbliğ etmiş, yaşatmış və qoruyub saxlamışlar.
Mərhum musiqi tarixçisi Firudin Şuşinski qeyd edirdi ki, xanəndəlik
sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır. Əsl xalq yaradı-
cılığından ibarət olan bu musiqi əsrlər boyu şifahi halda nəsildən-nəslə
keçərək böyük və zəngin irs yaratmışdır.
13