2026-cı il Cüdo üzrə Dünya Çempionatının açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri” kafedrasının müəllimi, beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev mərasimin musiqi rəhbəri, bəstəkarı və tarzən kimi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin və digər rəsmi şəxslərin qatıldığı mərasimin bədii proqramında Yaponiyadan dəvət olunmuş musiqiçilər Kozan Nakajima, Towa Kato və Ryota Kawano da çıxış ediblər.

İbrahim Babayevin açılış mərasimi üçün hazırladığı xüsusi musiqili səhnə kompozisiyasında Azərbaycanın milli musiqi alətləri ilə Yaponiyanın ənənəvi tayko zərb alətləri və şakuhaçi nəfəsli alətinin səslənməsi bir araya gətirilib.