Noyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”nə start verilib.

 

Müsabiqə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin çıxışı ilə açıq elan edilib.

 

Rektor çıxışında bildirib ki, müsabiqə instrumental ifaçılıqda yeni addımdır və milli musiqi ifaçılığına öz müsbət töhvələrini verəcəkdir. Bu müsabiqə ilə gənc-yeni ifaçıları azad yaradıcılıq həyatına istiqamətləndirəcəyik. Daha sonra Xalq artisti S. Kərimi münsiflər heyətində Azərbaycanın çox dəyərli ifaçılarının olduğunu diqqətə çatdırdı və iştirakçılara uğurlar arzuladı.

 

Çıxışın ardından püşkatma mərasimi keçirildi. Müsabiqəyə qatılan 57 iştirakçının çxıış sıraları təyin olundu.

 

Qeyd edək ki, müsabiqə noyabrın 26-dan 30-dək instrumental ifaçılıq (tar,kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupundan (16-19, 19-25) ibarət olub 2 mərhələ üzrə keçiriləcək.

 

Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.