Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Azərbaycan Milli Konservatoriyası Xanəndə kafedrasının müdiri, Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib.

 

Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

 

Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən və özünəməxsus ifaçılıq üslubundan danışıb. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.

 

Qeyd edilib ki, yüksək səhnə mədəniyyətinə malik Arif Babayev dünyanın çox ölkəsində qastrol səfərində olub, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində böyük xidmətlər göstərib. Sənətkarın Opera və Balet Teatrının solisti və muğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar Artisti, 1989-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal”, bu il isə “Şərəf” ordeni ilə təltif edilib.

 

Daha sonra nazir, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıraraq ona “Şərəf” ordenini təqdim edib.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli muğam sənətinin müasir dövrdə inkişafından söz açaraq bildirib ki, bu gün bütün qarabağlıların bir nisgili – Şuşa, Qarabağ nisgili var. İnanırıq ki, tezliklə Şuşada, Ağdamda Arifin sehrli səsini, ifasını eşidəcəyik.

 

Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov yubilyara təmsil etdiyi təşkilatın “Sənətkar” medalını təqdim edib.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrının adından Arif Babayevi Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev təbrik edib. O, xanəndənin opera səhnəsindəki fəaliyyətindən söz açıb və rəhbərliyin təbriklərini ünvanlayıb.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov tədbirdə çıxış edərək sənətkarı təbrik ediblər.

 

Çıxışlarda qeyd edilib ki, 1964-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan gənc müğənni 1966-cı ildə Xalq Artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlayıb. 2006-cı ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub. Onun iştirakı ilə “Leyli və Məcnun”, “Əsli və Kərəm” və s. operaları bu gün də musiqimizin qızıl fondunda qorunub saxlanılır. Qeyd edilib ki, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda deyil, bütün Şərqdə və türk dünyasında şöhrət qazanıb. Onun ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları artıq musiqi mədəniyyətimizin xəzinəsinə daxil olub.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülən müğənni məhz Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir.

 

Vurğulanıb ki, çağdaş mədəniyyətimizin görkəmli nümayəndəsi, milli musiqimizin, xalq mahnı və muğamlarımızın mahir ifaçısı, ustad sənətkar, professor Arif Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətini bu gün də davam etdirir.

 

Yubiley gecəsində muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.

 

Sonda çıxış üçün səhnəyə dəvət olunan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi sənətkarı təbrik edib, ona cansağlığı arzulayıb. Xalq artisti bildirib ki, artıq çox uzun illərdir ki, Arif Babayev musiqisinə, səsinə hər birimizin məhəbbəti formalaşmışdır. Arif Babayevlə bir yerdə – konservatoriyada çiyin-çiyinə çalışmaqdan qürur və şərəf hissi duyduğunu vurğulayan rektor Siyavuş Kərimi, hər kəs üçün gözlənilməz olan hədiyyəni sənətkara təqdim edib. Belə ki, Siyavuş Kərimi, yaxın dostu, Azərbaycanın Rusiyadakı səfiri, SSR xalq artisti Polad Bülbüloğlunu səhnəyə dəvət etməsi böyük maraqla qarşılanıb. Polad Bülbüloğlu öz ifası ilə yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

 

Tədbirin sonunda Xalq Artisti Arif Babayev sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi” ilə başa çatıb