Sentyabrın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) dahi bəstəkar Üzeyir Hacıbəylinin 134-cü yaş günü qeyd olunub. Bu müsnaibətlə AMK-nın həyətində, açıq səma altında konsert proqramı təqdim olunub.

 

Konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söhbət açıb. O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib. S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib. Bildirilib ki, Üzeyir Hacıbəyli, həm də pedaqoji fəaliyyətlə də məşğul olub. O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə, irəli çəkilməsinə xüsusi önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri əvəzsizdir.

 

Sonra AMK-nın tələbə orkestri konsert proqramı ilə çıxış edib. Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva və Aytən Məhərrəmovanın “Qarabağ şikəstəsi” zərbi muğamı ifası ilə tədbir yekunlaşıb.

 

Qeyd edək ki, tədbirdən öncə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlərlə birgə Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət edib. Bununla yanaşı rektor, Üzeyir Hcibəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunmuş tədbirdə iştirak edib. Siyavuş Kərimi burada çıxış edərək, bütün Azərbaycan xalqını musiqi bayramı münasibətilə təbrik edib.