Mayın 7-də Azərbaycan Milli Konservatoriyasının Böyük zalında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən Xalq artisti Siyavuş Kərimi Ulu öndər Heydər Əliyevin  dövlətimizə, xalqımıza və xüsusilə mədəniyyətimizə olan böyük məhəbbətindən, mühüm xidmətlərindən danışıb.

 

Rektor Siyavuş Kərimi çıxışın sonunda 95-ci ildönümü ilə əlaqədar “Milli vokal” kafedrasının tələbə gənclərlə birgə hazırladığı “Vokal inciləri” albomunu konsert izləyicilərinə təqdim edib. Albomda tələbələrin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və həmin ifaların video qeydləri yer alıb. Video görüntülər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeritetinin tələbələri tərəfindən qeydə alınıb.

 

Çıxışın ardından tədbir konsert proqramı ilə davam edib. AMK-nın müəllimləri, Əməkdar artistlər Anar Şuşalı, Zenfira İsmayılova, Təyyar Bayramov və tələbə gənclərin ifasında səsləndirilən nəğmələr izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. İfaçıları AMK-nın müəllimləri Naibə Şahməmmədova, Gülnar Axundova, Təranə Məmmədova, Nigar Hüseynzadə, Rəşad İbrahimov və Təbriz Yusubov müşaiət ediblər.