Azərbaycan Milli Konservatoriyasında Ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunan silsilə tədbirlər davam etməkdədir. Belə konsertlərdən biri də aprel ayının 27-də baş tutdu. AMK-nın I kurs tələbəsi, Respublika müsabiqə və festivallar laureatı Şakir Süleymanovun solo konserti keçirildi.

İfaçılıq fakultəsində ixtisas fənnindən Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun sinfində, muğam fənnindən isə Respublikanın əməkdar artisti, dosent Malik Mansurovun sinfində təhsil alan gənc tarzən maraqlı və orijinal bir proqramla dinləyicilərin qarşısına çıxdı. Burada A.Piazollanın “Oblivion”, “Libertanqo”, İ.Ştrausun “Vals”, Jack Finanın “Bumble Boogie”, V.A.Motsatın “Türk marşı”, Rodrigesin gitara üçün konsertinin məşhur II hissəsi var idi. Azərbaycan musiqisi F.Bədəlbəylinin “Pərvərdigara”, S.Kəriminin “Ömrümün istəyi”, P.Axundovanın “Qəlbimin səsi” əsərləri ilə təmsil olunmuşdu. Şakir Süleymanovu “Burning notes” qrupu müşayiət edirdi. Əsərləri qrup üçün işəyən isə AMK-nın müəllimi, pianoçu Svetlana Əhmədova idi. Qeyd edək ki, dirijor olaraq İlahə hüseynova çıxış edirdi.

Diqqəti cəlb edən məqamlardan biri də Şakirin üz tutduğu musiqi nömrələrinin əksəriyyətinin tar alətində ilk dəfə səslənməsi idi.

Sonda isə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Şakir Süleymanovu təbrik etdi.