Sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransı keçirilib.

 

Konfransda AMK-nın rektoru , professor Siyavuş Kərimi, Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev, Xalq artisti Mənsum İbrahimov, Xanəndə Azu Əliyeva, Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Srtudiyasının piar direktoru Aytac Həsənova və layihənin aparıcısı Leyla Quliyeva oktyabrın 16-sı Moskva şəhərində ilk dəfə nümayiş olunacaq “Leyli və Məcnun” operası ilə bağlı sualları cavablandırıb.

 

İlk öncə Leyla Quliyeva, təxminən 3 həftə sonra Moskvada nümayiş olunacaq opera ilə bağlı konfrans izləyicilərinə ətraflı məlumat verib.

 

Daha sonra söz, layihənin bədii rəhbəri Siyavuş Kərimiyə verilib.

 

S.Kərimi bildirib ki, “Leyli və Məcnun”un Rusiyada nümayişi Azərbaycan mədəniyyətində olduqca mühüm hadisədir. Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.

 

Operanın daha öncə dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu söyləyən S.Kərimi , əsərin Rusiyada nümayişinə də xüsusi önəm verildiyini bildirib.

 

“Nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətinlərdən də istifadə ediləcək. Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın və Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvürü formalaşsın”,- deyə rektor vurğulayıb.

 

Daha sonra Xalq artisti Yalçın Adıgözəlov layihəyə hazırlıq barədə fikirlərini söyləyib.

 

Xalq artisti bildirib ki, Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihə böyük əhəmiyyət və məsuliyyət daşıyır, harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq dahi bəstəkarın bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir.

 

“Çalışacağıq ki, rusiyalı tamaşaçılara və Moskvada yaşayan xaricilərə bu operanı yüksək səviyyədə çatdıraq. Bu layihənin uğurlu alınmasından çox şey asılıdır. Ona görə ki, bu, bir başlanğıcdır, uğurlu alınarsa, başqa bu qəbildən olan yeni layihələrin reallaşdırılması da mümkün olacaq” deyə Y. Adıgözəlov bildirib.

 

Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmasına baxmayaraq, bu dəfə onu çox böyük bir sınağın gözlədiyini söyləyən Xalq Artisti Mənsum İbrahimov, “Operanın təqdimatına yüksək səviyyədə hazırlaşılır. Hazırda ciddi məşqlər aparırıq. İstəyirik ki, operanı yüksək səviyyədə təqdim edək. Bu, bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədi qalsın” deyə bidlirib.

 

Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva isə böyük qürur hissi ilə bu tamaşaya hazırlaşdıqlarını söyləyib.

 

Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova operanın premyerası üçün görülən işlər barədə məlumat verib. Artıq 4 aydır bu işin təbliği ilə məşğul olduqlarını deyən A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inamını ifadə edib.

 

Operanın quruluşçu rejissoru Hafiz Quliyev “Leyli və Məcnun”un Moskvada böyük maraqla qarşılanacağına inandığını bildirib.

 

“Ona görə ki, heyət çox böyük həvəslə çalışır. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq” deyə rejissor bidlriib.

 

Hafiz Quliyev dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyşikliklərin edildiyini də diqqətə çatdırıb.

 

Tədbirdə Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında “Leyli və Məcnun” operasından kiçik bir parça təqdim olunub. İfaçıları Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edib.

 

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-sı Rusiyanın paytaxtı Moskva şəhərində, “Crocus City Hall” konsert zalında ilk dəfə tamaşaya qoyulacaq.