Azərbaycan və Tacikistan Respublikalarının Mədəniyyət Nazirlikləri və ölkəmizin buradakı səfirliyinin müştərək layihəsi may ayının 19-da baş tutdu.
S.Ayni adına Dövlət Akademik opera və balet teatrının səhnəsində Şərqin ilk operası, Üzeyir Hacıbəyovun Məhəmməd Fizulinin əsəri əsasında yazdığı “Leyli və Məcnun” tacik tamaşaçılarına təqdim edilib.Leyli rolunda xalq artisti Nəzakət Teymurova, Məcnun rolunda xalq artisti Mənsum İbrahimov, Nofəl rolunda isə Tacikistanın əməkdar artisti Sodik Nurullayev çıxış edib.Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə ifa olunan “Leyli və Məcnun” operasında Tacikistanın Dövlət Akademik opera və balet teatrının xor və simfonik orkestrı da iştirak edirdi.Tarda əməkdar artist Elçin Həşimov, kamançada isə əməkdar artist Elnur Əhmədov ifa ediblər.Sənətkarlarımız konsertə hazırlaşmaq üçün, bir müddət əvvəl Tacikistana səfər edərək məşq etdilər. Layihə üzərində ümumi iş prosesi isə 1 ilə yaxın davam edib.
Görüşlərdə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi də iştirak edirdi.İki milli konservatoriya arasında əməkdaşlıq haqqında sənədlər də imzalandı.Onu da qeyd edək ki, konsertdən əvvəl gənclər üçün Azərbaycan və Tacikistan Xalq artistlərinin iştirakı ilə master-klass da təşkil olunub.