Aprelin 5-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və AMK-nın Tələbə gənclərinin birgə təşkilatçılığı ilə baş tutan “Qəhrəmanlar ölmürlər” adlı tədbir Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunub.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın müəllim-tələbə heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Musiqi saatını giriş sözü ilə açan AMK Tələbə Gənclər Təşkilatının sədri Riad Cəbrayılov tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına xidmət edir və tədbirin əsas məramıdır.

 

Çıxışın ardından Aprel döyüşlərinə həsr edilmiş film nümayiş olunub, AMK-nın tələbələrinin ifasında mahnılar, təsniflər və muğamlar səsləndirilib.

 

Tədbirin sonunda çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün musiqiçilər tərəfindən də qeyd olunmasını xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirdiyini bildirib. Rektor düşmən tapdağı altında olan torpaqlarımızın yaxın zamanlarda işğaldan azad ediləcəyinə əminliyini ifadə edib.

 

Tədbirdə həmçinin Aprel döyüşlərinin iştirakçısı olmuş konservatoriyanın tələbəsi  İslam Əlizadə çıxış edərək “Xarı bülübül” mahnısını səsləndirib.