Azərbaycan Milli Konservatoriyasında Tələbə Elmi Cəmiyyətinin görkəmli bəstəkar və müğənni – Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş növbəti elmi-praktiki konfransı keçirildi. Tədbirdə Konservatoriyanın rektoru xalq artisti, professor Siyavuş Kərimi başda olmaqla professor-müəllim heyəti, tələbələr iştirak etdilər. Konfransın əvvəlində musiqişünas tələbə Əliyeva Səmray tədbiri giriş sözü ilə açdı və bəstəkarın yaradıcılıq yolunu əks etdirən videoyazı göstərildi. Ardınca bakalavr pilləsi üzrə təhsil alan musiqişünas tələbələr– II kurs tələbəsi Primova Nərmin “Ömrün 70-ci baharı”, III kurs tələbəsi İsmayılova Lalə “Estrada janrının inkişafında Polad Bülbüloğlunun rolu”, III kurs tələbəsi Həsənova Könül “Polad Bülbüloğlunun kino musiqisi”; habelə I kurs magistrantları – Babayeva Aydan “Eşq və ölüm” baleti və Hüseynova Həqiqət “Füsunkar mahnılar müəllifi” mövzuları ilə çıxış etdilər. Canlı musiqi nömrəsi ilə milli-vokal ixtisası üzrə I kurs tələbəsi Rüstəmova Aydan çıxış edərək bəstəkarın repertuarından “Doğma diyar” mahnısını ifa etdi.
Sonda Konservatoriyanın rektoru xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Polad Bülbüloğlu ilə əməkdaşlığından, çoxillik dostluğu ilə bağlı səmimi xatirələrindən söz açdı.