Azərbaycan Milli Konservatoriyasında yeni kitab təqdimatı baş tutdu. Milli Konservatoriya Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə tanınmış musiqişünas, publisist, sənətşünaslıq üzrə elmlər doktoru Ülkər Əliyevanın “Musiqidə təsvirilik: mahiyyəti, spesifik xüsusiyyətləri və təsnifatı”adlı kitabının təqdimatını keçirdi.
Öncəliklə qeyd edək ki, Ülkər Əliyeva çox böyük və səmərəli fəaliyyətə sahib olan musiqiçidir. Yazdığı bir sıra kitab və məqalələrində çox aktual məsələləri araşdırmış və istər musiqişünas-alim, istərsə də musiqi tənqidçisi kimi öz əməyini musiqi mədəniyyətimizdən əsirgəməmişdir. Bu mənada Ü.Əliyevanın sözügedən kitabının təqdimatında da bunun bir daha şahidi olduq. Vurğulamalıyıq ki, təqdim olunan kitab Almaniyanın Lambert Academik Publishing nəşriyyatı tərəfindən ingilis və rus dillərində çap olunub və musiqi üzrə dünya musiqi ixtiraları kataloquna daxil edilib.
Müəllif kitabında musiqidə təsvirilik, obrazlılıq anlayışının əhəmiyyətindən və təzahür formalarından söz açmışdır.O, mövzunu dərindən araşdırmış və tədqiqatını yeni fikirlərlə zənginləşdirərək sanballı kitab ərsəyə gətirmişdir. Sözügedən məsələni aydınlaşdıraraq elmi müddəalarını geniş oxucu kütləsinə çatdırmışdır. Ü.Əliyeva fikirlərini bir çox Avropa və eyni zamanda Azərbaycan bəstəkarlarının əsərlərindən musiqi nümunələri göstərməklə əsaslandırmışdır.
Təqdimat mərasiminin aparıcısı musiqişünas, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova çıxış edərək kitabın əhəmiyyətindən söz açdı. Eləcə də bir sıra musiqişünaslar, ziyalılar, o cümlədən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, musiqişünas, AMEA-nın “Muğamşünaslıq” bölməsinin rəhbəri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova, Konservatoriyanın “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Fəttah Xalıqzadə, Azərbaycan Musiqi Mədəniyyəti muzeyinin direktoru Alla Bayramova çıxış edərək kitabın məziyyətlərindən, nəfis şəkildə tərtibatından danışdılar, habelə Dünya musiqi ixtiraları kataloquna daxil edilməsi ilə bağlı fikirlərini bölüşdülər.
Eyni zamanda kitabın görüntüsü video-çarx vasitəsiylə salona toplaşanlara nümayiş olundu. Müəllif 8 fəsildən ibarət olar kitabın hər fəslini şərh edərək salona toplaşanlara müfəssəl məlumat verdi.
Təqdimat mərasimində yuxarıda qeyd olunan çıxışlar musiqi əsərlərinin səslənməsi ilə növbələşirdi. Belə ki, tədbirin bədii hissəsi də olduqca böyük marağa səbəb oldu. Bu mənada Azərbaycan muğam və xalq musiqi nümunələri, eləcə də bir sıra Avropa və Azərbaycan bəstəkarlarının əsərləri Konservatoriyanın müəllim və tələbələrinin ifasında səsləndirildi. Beynəlxalq muğam müsabiqəsinin qalibi Aygül Həsənovanın ( qanun, II kurs) ifasında “Bayatı Şiraz” muğamı , Beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynovun ifasında isə “Segah təsnifi” Əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurovun (kamança) müşayəti ilə təqdim olundu. Eləcə də N. Rimski-Korsakovun “Arı uçuşu” fortepianoda Svetlana Əhmədovanın müşayəti ilə Respublika müsabiqə və festivallar laureatı Şakir Süleymanov (tar, I kurs), Rolf Lovlandın “Secret garden” əsəri fortepianoda Nigar Nəcəfovanın müşayəti ilə Beynəlxalq müsabiələr laureatı Nicat Məsimov (balaban, I kurs) ifa etdilər. Təqdimat mərasimi sonda Naibə Şahməmmədovanın (fortepiano) müşayəti və II kurs tələbəsi İsmət Sabirlinin ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı ilə tamamlandı.