İyunun 1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Böyük zal’ında Xalq Çalğı Alətləri orkestrinin konserti keçirilib. Konsertdə Azərbaycanın böyük bəstəkarı, Xalq artisti Dadaş Dadaşovun əsərləri səsləndirilib.

 

AMK-nın Xorunun da çıxış etdiyi tədbirdə Konservatoriyanın İfaçılıq fakultəsi (Vokal) üzrə təhsil alan tələbələri orkestr ilə birlikdə bəstəkarın mahnılarını səsləndiriblər.

 

Orkestrin Bədii rəhbəri və drijoru kimi AMK-nın müəllimi Aysel Bağırova çıxış edib.

 

Tədbirdə AMK-nın rektoru Siyavuş Kərimi, Xalq artisti Dadaş Dadaşov, AMK-nın professor müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Konsertin sonunda Siyavuş Kərimi və Dadaş dadaşov tədbir və ifa olunan musiqilər barədə fikirlərini səsləndiriblər.

 

Siyavuş Kərimi, tələbəsi olduğu Dadaş Dadaşovun musiqilərinin Konservatoriyada səslənməsindən qürur hissi keçirdiyini bildirib. Bəstəkar Dadaş Dadaşov da orkestr və ifaçılardan olduqca razı qaldığını söyləyib və bu tədbirdə zəhməti olan bütün komandaya təşəkkürünü bildirib.