Azərbaycan şifahi ənənəli professional musiqisinin bir qolu olan muğam sənəti xalqımızın çox böyük ehtiram bəslədiyi jarn olaraq əsrlərdən bəri ifa olunur və yaşayır. Şübhəsiz ki, hər zaman sevilərək ifa olunan və dinlənilən bu janr son dövrdə daha da diqqət mərkəzindədir. XXI əsrdə muğam sənətinin yeni mərhələ yaşması göz önündədir. Televiziya ekranları və radio dalğalarında mütəmadi olaraq muğam səslənməsi, muğamla bağlı böyük miqyaslı tədbirlərin keçirilməsi danılmazdır. Bu baxımdan dövlətimizin muğam sənətinə olan diqqət və dəstəyini xüsusilə qeyd etmək lazımdır. Bu mənada muğamın təbliğində, beynəlxalq çərçivədə tanınmasında Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən çoxsaylı layihələr əvəzsiz rola malikdir. “Muğam-İrs”, “Muğam-dəstgah”, “Muğam ensiklopediyası”, “Muğam-internet”, “Muğam antologiyası”, “Muğam” aləmi” çoxsaylı muğam müsabiqələri və s. bu kimi layihələr muğamın geniş yayılması üçün çox böyük əhəmiyyət kəsb edir. Nəticə olaraq həm muğam sənəti yaşayır, həm də bu sənətə yeni ifaçı nəsli daxil olur. Digər tərəfdən də bütün bunlar muğama, həmçinin də gəncliyə olan diqqətin bariz göstəricisidir. Son dönəmdə həyata keçirilən bu layihələrin sayəsində hər günümüz muğam sədası, muğam konsertləri ilə yadda qalır.
İyunun 18-də Heydər Əliyev sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Sarayı və Azərbaycan Milli Konservatoriyasının müştərək layihəsi olan “Gəncləşən muğam” adlı daha bir maraqlı konsert keçirildi. Qeyd edək ki, tədbir Azərbaycan Milli Konservatoriyasının müəllimləri – Şöhrət Ordenli, Xalq artisti, professor Mənsum İbrahimov və Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun təşəbbüsü və təşkilatçılığı sayəsində gerçəkləşdi.
Konsertdə ilk olaraq giriş sözü musiqişünas, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova söylədi. O, muğamın dirçəlişində dövlətin müstəsna qayğısını qeyd edərək muğam sənətindən, yeni ifaçı nəslinin yetişməsində Azərbaycan Milli Konservatoriyasının professor və müəllim heyətinin rolundan söz açdı. Vurğulandı ki, artıq 6-cı dəfə həyata keçirilən “Gəncləşən muğam” layihəsi muğam ustadları yetirmələrinin konserti olaraq yeni ifaçı nəslinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Sonra isə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov çıxış edərək, muğam sənətinin inkişafında öz əməyini əsirgəməyən dövlət rəhbərliyinə, bu konsertin həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Daha sonra söz musiqiyə verildi. Xüsusilə qeyd edək ki, bu dəfə “Gəncləşən muğam” layihəsinin özəlliyi burada Milli Konservatoriyanın yalnız yuxarıda qeyd etdiyimiz ustad müəllimləri – Mənsum İbrahimov, Elçin Həşimov və Elnur Əhmədovun istedadlı tələbələrinin çıxışından ibarət olması idi. Konsertdə həm muğam və xalq mahnıları, həmçinin də bəstəkar və bir sıra ifaçıların yazdığı mahnı və təsniflər səsləndirildi. O cümlədən “Bayatı-şiraz” təsnifi, “Mahur” təsnifi, “Heyratı”, “Qarabağ şikəstəsi” kimi muğam və təsniflər, “Sarı gəlin” xalq mahnısı, eləcə də Şəfiqə Axundovanın “Mehriban olaq”, Əşrəf Abbasovun “Ceyranım, gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnıları səsləndirildi. Bu və digər nümunələri Respublikanın əməkdar artisti Təyyar Bayramov, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva, Vüqar Musayev, Məhəbbət Səfərov, Arzu Əliyeva, Vüsalə Rəcova və başqaları ifa etdilər. İfaçıları tarda Rövşən Qurbanov, Altay Niftəliyev, Rəşad İbrahimov, Sənan Əliyev, Ədalət Behbudov, kamançada isə Ceyhun Muradov, Araz Ağaverdiyev, Elvin Novruzov, Bayram Əliyev, Təbriz Yusubov müşayiət edirdi. Bundan əlavə gənc musiqiçiləri müşayət edən ansamblın üzvləri də gənclərdən ibarət idi. Tofiq Məmmədov – bas tar, Toğrul Orucov – bas kamança, Bəhruz Zeynalov – ud, Aytac Vəzirova – qanun, Pərviz Əlikramoğlu – balaban, Ramin adbullayev – nağara alətində müşayət edirdilər. Tamaşaçıların gur alqışları ilə müşayiət olunan muğam gecəsi bütün solistlərin ifasında Rauf Hacıyevin məşhur “Azərbaycan” mahnısını ilə başa çatdı.