Fevralın 28-də  Azərbyacan Milli Konservatoriyası (AMK), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə, konservatoriyanın “Böyük zal”-da Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, İctimai Televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, ARKİ-nin sədri, Xalq artisti Şəfiqə Məmmədova musiqi gecəsində iştirak ediblər.

 

Tədbirdə giriş sözü söyləyən Xalq artisti Siyavuş Kərimi qeyd edib ki, C.Cahangirov adı hər musiqiçi üçün çox əzizdir, onun musiqisi insanın qanına işləyən musiqidir. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin əsl davamçılarındandır və dünya var olduqca Cahangirov musiqisi daim yaşayacaqdır.

 

Tədbirdə çıxış edən Xalq artisti Ş. Məmmədova və Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın yaradıcıllıq fəaliyyətindən danışıb, onun xüsusilə Azərbaycan kinosuna bəxş etdiyi bənzərsiz əsərlərindən söhbət açıblar.

 

Tədbirdə tanınmış incəsənət xadimlərinin ifasında bəstəkarın repertuarından sevilən mahnılar və filmlər üçün yazdığı müsiqilər səsləndirilib, həmçinin ekran əsərləri nümayiş olunub.