Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası (AMK), Azərbaycan Televiziyası – “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – “Gənclər gününə” həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, Konservatoriyanın professor-müəllim heyyəti, həmçinin dəvət olunmuş elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirdə Xalq artisti Siyavuş Kərimi və Əməkdar Artist Ramil Qasımov çıxış edərək, ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına gənclərimizin verdiyi töhfələrdən danışıb, bu mövzuda dövlətmizin böyük qayğısını daim hiss etdiklərini diqqətə çatdırıblar.

 

Açılış nitqinin ardından Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konservatoriyanın “Tələbə xoru”nun da çıxış etdiyi konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

 

Qeyd edək ki, konsert proqramının təqdimatını öz üzərinə götürən Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, həm də tədbirin bədii rəhbəridir.