Azərbaycan Milli Konservatoriyasında həmyerlimiz Fərəməz Gərmrudinin 60 illik yubileyi ilə bağlı konsert keçirildi. Xatırladaq ki, F.Gərmrudi çoxşaxəli fəaliyyəti olan musiqi olaraq dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda da fəaliyyət göstərir. O, bir çox musiqi inciləri – təsnif, dəraməd, rəng, habelə mahnılar bəstələyərək musiqi xəzinəmizi daha da zənginləşdirmişdir. Bu mənada F.Gərmrudi fəaliyyəti sırasında musiqi əsərləri bəstələməklə və onları oxumaqla yanaşı həmçinin mahir ud ifaçısı kimi də şöhrət qazanmışdır. AMK-da keçirilən konsertdə də “Könül” xalq çalğı alətləri ansamblı çıxış etdi. F.Gərmrudinin ifasında bir sıra musiqi nümunələri səsləndirildi. Ansamblda isə Azərbaycanın virtuoz musiqiçiləri – Əməkdar artistlər Malik Mansurov (tar), Elşən Mansurov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara), eyni zamanda Hüsaməddin Əzizov (bəm nağara), Nurlan Cəbizadə (bəm tar) və Fərid Babayev (bəm kamança) müşayət edirdi.