Avqustun 25-dən 30-a qədər Azərbaycan Milli Konservatoriyasından bir qrup musiqiçi-müəllim heyəti Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edib. Qeyd edək ki, 1997-ci ildən başlayaraq hər iki ildən bir keçirilən festival artıq onuncu dəfədir təşkil olunur. Bu dəfə “Şərq Təranələri” başlığı altında baş tutan Beynəlxalq festival və festival çərçivəsində keçirilən Beynəlxalq konfrans yenə də müxtəlif ölkələrdən olan musiqiçikləri bir araya topladı. 67 ölkənin iştirak etdiyi festivalda Azərbaycanı Azərbaycan Milli Konservatoriyasının bir sıra müəllim heyəti təmsil etdi. Festival və festival çərçivəsində keçirilən konfransda Azərbaycandan olan iştirakçıların nümayəndə heyətinin rəhbəri AMK-nın elmi işlər üzrə prorektoru, dosent, musiqişünas Lalə Hüseynova, eləcə də “Buta” muğam qrupu iştirak etdi.
Xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən qrupda Solist olaraq Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Təyyar Bayramov çıxış edir. Burada tarda Əməkdar artist, AMK-nın dosenti Elçin Haşımov, kamançada əməkdar artist, AMK-nın dosenti Elnur Əhmədov, balabanda əməkdar artist, Respublika müsabiqələr laureatı Şirzad Fətəliyev və nağarada F.Əmirov adına Respublika müsabiqəsi laureatı Kamran Kərimov ifa edirlər.
Səmərqənd X Beynəlxalq Musiqi Festivalında da sözügedən muğam qrupu yüksək peşəkarlıqla öz ifasını təqdim etdi. Qrup “Şur” kompozisiyasını səsləndirdi və “Unikal səs” nominasiyasıyla təltif olundu. Bundan əlavə festivalda 1997-ci ildə keçirilən birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi iştirak edib.
“Şərq təranələri” Səmərqənd Beynəlxalq Musiqi Festivalı çərçivəsində həmçinin, Beynəlxalq konfrans təşkil olunmuşdur. “Şərq xalqlarının musiqi mədəniyyətinin müştərəkliyi” adlı konfransda 25 ölkədən nümayəndə heyəti qatılmışdır. O cümlədən Yaponiya, İran, Almaniya, Macarıstan, Serbiya, Əfqanıstan, Küveyt, Misir, İsrail, Rusiya, Litva, Butan, Hollandiya, Norveç, Özbəkistan, Oman, Cənubi Koreya, Çin, Türkiyə, Böyük Britaniya, Tailand və s. ölkələrdən olan iştirakçıların məruzələri dinlənilmişdir. Azərbaycandan isə AMK-nın elmi işlər üzrə prorektoru, musiqişünas Lalə Hüseynova “Şərq xalqlarının musiqili -poetik yaradıcılığında “Fələk” mövzusunun təcəssümü” mövzusunda çıxış etmişdir.
Festivalın sonunda iştirakçılar Beynəlxalq Sertifikatla təltif olunublar.