Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni Gülağa Məmmədovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. AMK-nın bir sıra müəllimləri də həmin yubiley gecəsində çıxış ediblər. Qeyd edək ki, tədbirə giriş sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev söylədi. O, G.Məmmədovun musiqi ifaçılığında olan xidmətlərindən söz açdı. Sonra söz musiqiyə verildi. Konsertdə Azərbaycan Xalq Çalğı alətləri orkestri və “Dan ulduzu” ansamblı çıxış edirdi. Proqramda Gülağa Məmmədovun ifa etdiyi mahnılar yer almışdı. Belə ki, S.Ələsgərovun “Vətənimdir”, S.Rüstəmovun “Maralım gəl-gəl”, “Şeir deyilmi”, “Hardasan”, H.Xanməmmədovun “Gözünə qurban”, T.Quliyevin “Gülərəm gülsən”, F.Əmirovun” Kor ərəbin mahnısı”, E.İbrahmovanın “Qurban verərdim” və s. mahnıları səsləndirildi. AMK-nın müəllimləri Xalq artistləri Azər Zeynalov, Aygün Bayramova, Samir Cəfərov, Əməkdar artist Anar Şuşalının da ifası böyük maraqla qarşılandı.