Yaxın günlərdə Azərbaycan Milli Konservatoriyasının müəllimi, yeganə qaval ustası Mahmud Salah Həştərxandan səfərdən qayıdıb. Daim müxtəlif Beynəlxalq layihələrdə Azərbaycan musiqisini müvəffəqiyyətlə təmsil təmsil sənətçi bu dəfə Həştərxan şəhərində keçirilən həm Beynəlxalq elmi konqresin, həmçinin də etnoqrafik musiqi festivalının iştirakçısı olub. Qeyd edək ki, Mahmud Salahın Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Həştərxan vilayətinin Turizm və Dövlət Folklor Mərkəzinin dəvəti ilə iştirak etdiyi Üçüncü Beynəlxalq Elmi Konqres sentyabr ayının 14-dən 17-dək davam etmişdir. “Şərq və Qərb etnik musiqi irsi sivilizasiyaların və mədəniyyətin bir dialoqu kimi” başlıqlı konqresdə M. Salah elmi məqalə ilə çıxış etməkdən savayı, həm də münsiflər heyətinin üzvü kimi də iştirak edib. Sentyabırın 17-21-i arası keçirilən “Qızıl Çölün Səsləri – 2015” adlı V Beynəlxalq etnoqrafik festival-müsabiqədə Azərbaycanı Ağarəhim Salahın rəhbərlik etdiyi “Buta” instrumental Muğam qrupu təmsil edib. Festivalda müvəffəqiyyətlə çıxış edən ifaçılarımız ən öncül sıralarda yer alıblar. Belə ki, Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi Ağayar Xanlarov (tar ifaçısı) I yerə, Azərbaycan Milli Konservatoriyanın II kurs tələbəsi, Cahandar Xanlarov (kamança ifaçısı) II yerə layiq görülüb. Onu da qeyd edək ki, müsabiqə iştirakçılarını qavalda və fortopianoda “BUTA” instrumental muğam üçlüyünün rəhbəri Ağarəhim Salah müşayiət edib. Tədbirdən sonra Həştərxan Mədəniyyət və Turizm Naziriliyinin münsiflər heyəti ilə keçirdiyi görüşdə Mahmud Salah tərəfindən H.Əliyev Fondunun çap etdirdiyi “Azərbaycan” və “MUĞAM” nəşrləri Həştərxan Mədəniyyət və Turizm nazirinə hədiyyə edilib.