Fevralın 20-də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın dəstəyi Azərbaycan Milli Konservatoriyası və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı ilə Milli Konservatoriyada YUNESKO Klubunun təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyev, Konservatoriyanın professor müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Rektor Siyavuş Kərimi tədbirdə giriş nitqi söyləyib. O, ilk olaraq Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. S. Kərimi, klubların Azərbaycanın UNESCO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib. “Çox sevindirici haldır ki, mədəniyyət müəssisələri içərisində ilk UNESCO klubu Milli Konservatoriyada yaradılır və hesab edirəm ki, ölkənin Milli musiqisini tədris və təbliğ edən belə bir ali məktəbin bu fəaliyyətə qoşulması həm düzgün atılmış addım olacaq, həm də işi daha da gücləndirəcəkdir ” deyə rektor əlavə edib.

 

Tədbirdə Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycan və YUNESKO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. O, bu əməkdaşlığın genişləndirilməsində, xüsusilə zəngin və qədim mədəni irsimizin təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərindən bəhs edib. E.Sultanov ölkəmizdə YUNESKO klublarının yaradılmasının Azərbaycan-YUNESKO əlaqələrində yeni səhifə olduğunu, 2020-ci ilin ölkə prezidenti tərəfindən “Könüllülər İli” elan edilməsi ilə əlaqədar könüllü birliklər olan YUNESKO klublarının fəaliyyətinin genişləndirilməsinin də vacib olduğunu qeyd edib. Ölkəmizin həm təhsil, həm də mədəniyyət ocağı olan Milli Konservatoriyada YUNESKO Klubunun yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.

 

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli UNESCO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən bəhs edib, Azərbaycan-UNESCO klublarının fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan YUNESKO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.

 

Qeyd edək ki, 2019-cu il 20 dekabr tarixində  YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın dəstəyi ilə Azərbaycan YUNESKO Klublarının təqdimatı keçirilmişdi. İlk klublar ölkəmizin bir sıra təhsil müəssisələrində – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində yaradılıb.