Azərbaycan Milli konservatoriyasında Xalq artisti, Prezident təqaüdçüsü, AMK-nın professoru, mahir kaman ifaçısı Fəxrəddin Dadaşovun 65 illik yubileyi keçirildi. Tədbirdə ilk olaraq Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək F.Dadaşovu təbrik etdi. Sonra bir sıra tanınmış elm xadimləri, incəsənət nümayəndələri, o cümlədən Xalq artisti, professor Zamiq Əliyev, Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov və digərləri çıxış edərək F.Dadaşovun həyat və yaradıcılıq yolundan söz açdılar. Tədbirin bədii hissəsində isə Konservatoriyanın professor və müəllimləri- Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Mehri Əsədullayeva öz ifalarını təqdim etdilər. Onların ifasında “Segah”, “Rast”, “Zabul segah”, eləcə də bir sıra xalq və bəstəkar mahnılar səsləndirildi. İfaçıları Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Xəyyam Məmmədov, Kamran Kərimov və digər musiqiçilər müşayət edirdi. Sonda isə Fəxrəddin Dadaşovun ifasında H.Xanməmmədovun “Yaşa könül” mahnısının səslənməsi ilə tədbir yekunlaşdı.