Azərbaycan Milli Konservatoriyasında İstiqlal və Şöhrət ordenli görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan yubiley konserti keçirildi. Tədbirdə İlk olaraq Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək V.Adıgözəlovun yaradıcılığından söz açdı. Konsertdə Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestri çıxış edirdi. Konservatoriyanın Dirijorluq kafedrasının müdiri, orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin təfsirində bəstəkarın müxtəlif janrlı əsərləri səsləndirildi. Bu sırada Fortepiano və Xalq Çalğı Alətləri orkestri üçün konsert, Bayram Süitası, “Qarabağ şikəstəsi” oratoriyası, o cümlədən “Bakı”, “Yenə o bağ olaydı”, “Xoşum gəlir”, “Qərənfil” və s. mahnıları ifa olundu. Solist olaraq Əməkdar artistər Anar Şuşalı və Sahib Paşazadə, Nərgiz Kərimova o cümlədən Vüsalə Əsgərova, Rövşən Əziz, Nurlan Əzizbəyli çıxış etdi.