Azərbaycan Milli Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi il bağlı keçirilən silsilə tədbirlər davam etməkdədir. Oktyabrın 5-də AMK-da Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Konfrans ilk olaraq AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın giriş sözü ilə başladı. O, Ü.Hacıbəyli, eləcə də M.Maqomayevin musiqi mədəniyyətimizdəki xidmətlərindən söz açdı. Bunun ardınca Üzeyir bəyin müxtəlif dövrlərdəki fotolarından ibarət videoçarx nümayiş olundu. Sonra isə konfrans iştiraçıları öz çıxışlarını təqdim etdilər. İsmayılova Lalə (IV kurs)- “Üzeyir Hacıbəyli musiqisində üslub xüsusiyyətləri”, Məmmədli Fərdin (I kurs, magistr)- “Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsinin tarixi əhəmiyyəti”, Hüseynova Həqiqət (II kurs, magistr)- “Müslüm Maqomayev-130”, Primova Nərmin (III kurs)- “Üzeyir Hacıbəylinin folflor dünyası haqqında yeni kitab”, Nəcəfova Zeynəb (I kurs)- “Üzeyir Hacıbəyli xanəndə sənəti haqqında” mövzusunda çıxış etdilər. Konfransda iştirakçıların çıxışlarının materialları nəfis şəkildə çap olunaraq təqdim edildi. Bundan əlavə konfransda Konservatoriyanın müəllim və tələbələrinin ifasında Üzeyir bəyin əsərləri də səsləndirildi. Kərimova Mehribanın müşayəti ilə Cəfərov Urfanın(I kurs) ifasında “Sevgili canan”, Hüseynli Orxan (I kurs), Məlikova Türkay, Məmmədov Tofiq (IV kurs, tar) və Orucov Toğrulun (II kurs, kamança) ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından bir neçə səhnə ifa olundu. Sonda isə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Konservatoriyada bu kimi konfransların davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açdı.