Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun konserti keçirildi. Qeyd edək ki, konsert 28 may Respublika gününə həsr olunmuşdur. Xormeyster Təranə Yusifovanın rəhbərliyi ilə konsertdə bir-birindən maraqlı musiqi nümunələri səsləndirildi. Konsertmeyster simasında isə Solmaz Həyatova çıxış edirdi. Proqramda həm xalq musiqi nümunələri, həm Azərbaycan, həmçinin də Avropa bəstəkarlarının əsərləri yer almışdı. Belə ki, xalq mahnıları – Süsən sünbül”, “Gözəlim sənsən”, Üzeyir Hacıbəyli “Ey vətən”, Cahangir Cahangirov “Zərif gülüşlüm”, Oqtay Kazımi “Salamat qal, ana”, Ramiz Mustafayev “Gülüm yoxdur”, habelə A.Boradinin “Knyaz İqor” operasından qızların xoru və digər əsərlər ifa onundu. Solist olaraq Orxan Hüseynli, Zeynəb Nəcəfova, Elcan Həsənov, Emin Zeynallı, Nigar Cəlilova çıxış etdilər. Xorun konsertindən sonra Konservatoriyanın tələbələri Rüstəm Əlləzovun ifasında Həcər Məmmədlinin müşayəti ilə Bruno Mars “When I was your man” mahnısı ifa olundu. Sonda AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək iştirakçıları təbrik etdi.