Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü -18 sentyabr Musiqi günüdür. Azərbaycan Milli Konservatoriyasında da Musiqi günü təntənəli şəkildə qeyd olundu. Tədbir yürüşlə başladı. Burada milli nəfəs və zərb alətlərinin ifasında Ü.Hacıbəylinin “Koroğlu operasından “Çənlibel” xoru səsləndirildi. Sonra isə tədbirdə iştirak bir sıra qonaqlar çıxış etdi. Həmçinin Mədəniyyət və Turizm nazirinin müavini Ədalər Vəliyev çıxış edərək hər kəsi Musiqi bayramı münasibətiylə təbrik etdi. Tədbirdə bir sıra qonaqlar-ziyalı və görkəmli sənət nümayəndələri iştirak edirdi. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, pianoçu, Xalq artisti Murad Adıgözəlzadə, eləcədə Azərbaycan Milli Konservastoriyasının professor, müəllim və tələbə heyəti iştirak edirdi. Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Xalq çalğı alətləri orkestri çıxış edirdi. Orkestrin bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti, AMK-nın Dirijorluq kafedrasının müdiri Ağaverdi Paşayevin rəhbərliyi ilə bir sıra əsərlər səsləndirildi. O cümlədən, Ü.Hacıbəylinin “Çahargah” fantaziyasından IV hissə ifa olundu. Bundan əlavə Mahnı və rəqs ansamblı öz ifasını təqdim etdi. Sonda isə orkestrin müşayəti ilə AMK məzunları, Əməkdar artistlər Təyyar Bayarov və İlkin Əhmədov, eləcə də Aytən Məhərrəmova və Arzu Əliyevanın ifasında “Qarabağ şikəstəsi” səsləndirildi.