Azərbaycan Milli Konservatoriyasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında hazırlanmış və təkmilləşmiş alətlərin təqdimatı keçirildi.
Qeyd edək ki, Azərbaycan Milli Konsevatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında bir sıra yeni musiqi alətləri ixtira olunmuş və bəzi musiqi alətləri isə təkmilləşdirilmişdir. Bu mənada kamança aləti ilə bağlı olaraq kamança ailəsi yaradılmış, eləcə də çəng və səntur alətləri daha təkmil formada hazırlanmışdır.
Təqdimat mərasimində AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, tədbirin aparıcısı musiqişünas, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova çıxış edərək bu yeniliyin mədəniyyətimiz üçün nə qədər böyük və əhəmiyyətili bir addım olduğunu qeyd etdilər. Eyni zamanda “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim olunan yeni və təkmilləşmiş musiqi alətləri haqqında müfəssəl məlumat verdi. Sonra isə sözügedən laboratoriyanın görülən işlər, ərsəyə gələn yenilikləri, bilavasitə laboratoriyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.