Azərbaycan Milli Konservatoriyasında görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyi ilə bağlı elmi-praktiki konfrans keçirildi. Konservatoriyanın tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konfrans ilk olaraq AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın giriş sözü ilə başladı. O, Rəşid Behbudovun musiqi mədəniyyətimizdəki xidmətlərindən söz açdı.
Sonra isə konfrans iştiraçıları öz çıxışlarını təqdim etdilər. Səfixanova Aysel (I kurs, magistr, etnomusiqişünas)- “Rəşid behbudovun səs tembri və vokal ifa xüsusiyyətləri”, Məmmədli Fərdin (I kurs, magistr, muğamşünas)- “Rəşid behbudov və “Arşın mal alan” operettası”, Hüseynova Günay (I kurs, magistr, aşıqşünas)- “Rəşid Behbudov yaradıcılığında bəstəkarların rolu”, Musayeva Türkən (I kurs, magistr, etnomusiqişünas)- “Rəşid Behbudovun konsert səfərləri”, Əliyeva Pərvanə (I kurs, etnomusiqişünas)- “Rəşid Behbudov və kino musiqisi” mövzusunda çıxış etdilər. Konfrans iştirakçıları R.Behbudovun ifa etdiyi mahnılardan ibarət videoçarx nümayiş etdirdilər.Konfransda iştirakçıların çıxışlarının materialları nəfis şəkildə çap olunaraq təqdim edildi. Bundan əlavə konfransda Konservatoriyanın müəllim və tələbələrinin ifasında Rəşid Behbudovun repertuarında yer alan bir sıra mahnılar da səsləndirildi. Bu sırada Məsumə Dadaşovanın müşayəti ilə (fortepiano) I kurs tələbələri Məsimov Tural və Qayıbova Aişənin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgər və Gülçöhrənin duet səhnəsi”, Məmmədova Aynurənin müşayəti ilə Məzahiri Səhəndin ifasında Tofiq Quliyevin “Sevgilim” mahnısı, eləcə də Sabirli ismət və Məzahiri Səmədin ifasında “Evləri var xana-xana” xalq mahnısı ifa olundu.
Sonda isə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Konservatoriyada bu kimi konfransların davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açdı.