Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke AMK-nın qonağı oldu. Xatırladaq ki, mart ayının 3-6-sı arası cənab K.Buarke Azərbaycana səfər etmişdir. O, səfər çərçivəsində müxtəlif mədəniyyət mərkəzlərində qonaq olmuşdur. Qeyd edək ki K.Buartkenin baş çəkdiyi müəssisələr sırasında təhsil ocağı yalnız Azərbaycan Milli Konservatoriyası oldu. Görüşdə K.Buartke ilə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, həmçinin Konservatoriyanın prorektor, dekan və müəllimləri iştirak edirdi. Tərəflər arasında Azərbaycan-Braziliya mədəni əlaqələrinin daha da güclənməsi, iki ölkə arasında davamlı tədbirlər, konfrans və müştərək layihələrin keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Bundan əlavə qonaq AMK-nın yeni inzibati binası ilə yaxından tanış olmuş, Konservatoriyada fəaliyyət göstərən Xalq Çalğı alətləri Orkestri, Xor, habelə bir sıra müəllim və tələbələrin ifasında müxtəlif musiqi əsərləri dinləmişdir.