Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga Symphony” VII Beynəlxalq musiqi festivalında Azərbaycan Milli Konservatoriyasının (AMK) 4-cü kurs (xanəndə) tələbəsi Nigar Cəlilova ikinci olub.

 

Nigar Cəlilova “Başına mən dolanım” mahnısı ilə “Folklor” nominasiyasında ikinci yeri tutaraq gümüş medala (“Sliver Symphony”) layiq görülüb.

 

Festivala rekord sayda iştirakçı – 26 ölkədən 301 ifaçı qatılıb. Qalibləri nüfuzlu musiqiçilərdən, ifaçılardan, beynəlxalq musiqi müsabiqələrinin təşkilatçıları olan prodüserlərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

 

Festival gənclər arasında mahnı yaradıcılığını populyarlaşdırmaq, müxtəlif ölkələrin nümayəndələri arasında dostluq münasibətlərini, yaradıcılıq əlaqələrini möhkəmləndirmək, habelə Latviyanın və digər Baltik ölkələrinin mədəniyyətini və milli ənənələrini təbliğ etmək, eyni zamanda öz ifaçılıq məharətinin və milli mədəniyyətlərinin özünəməxsusluğunu nümayiş etdirmələrinə şərait yaratmaq məqsədi daşıyan vokal müsabiqədir.

 

Festival, eyni zamanda müxtəlif ölkələrdən olan gənc bəstəkarlar və müğənnilər arasında ifaçılıq təcrübəsini bölüşmək imkanı yaradır.