Azərbaycan Dövlət Filarmoniyasında “Muğamat var olan yerdə” adlı tədbir keçirildi. Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi olan tədbirdə gənc muğam ifaçıları bir araya toplandı. Tədbirində öncə Filarmoniyanın foyesində milli dəyərlərimizin təsvirlərini əks etdirən müxtəlif kişi və qadın geyimləri, aksesuarları, habelə Azərbaycan Milli Konservatoriyasında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyanın rəhbəri Məmmədəli Məmmədovun təkmilləşdirdiyi və yeni növləri yaratdığı musiqi alətlərimiz təqdim olundu. Konsertin bədii hissəsi isə Azərbaycan Yazıçılar İttifaqının katibi İlqar Fəhminin giriş sözü ilə başladı. Ardınca Muğam Televiziya Müsabiqəsinin laureatları, Konservatoriyanın müəllim və məzunları çıxışlarını təqdim etdilər. Bu sırada Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Valiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Ayşən Mehdiyev, Azad Şükürov, Nisbət Sərdayeva, Hüsniyyə Mürvətovanın ifasında bir sıra muğamlar, təsniflər və xalq mahnıları səsləndi. Solistləri Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Çinarə Heydərova (qanun), Şəfa Kərimov (ud), Azad Əliməmmədov (balaban) və Emin Cəbrayılovdan (nağara) ibarət “Muğam instrumental ansamblı müşayət etdi.