Aprel ayının 29-da iki ali təhsil müəssisəsi – Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq haqqında saziş bağlandı. Bu münasibətlə hər iki ali məktəbin müəllim və tələbə heyətinin birgə iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbir AMK-da baş tutdu. Öncəliklə AMK-nın rektoru Siyavuş Kərimi və ADMİU-nun rektoru Fərəh Əliyeva çıxış edərək iki ali təhsil müəssisəsi arasında bağlanan əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən söz açdılar. Tədbirin bədii hissəsi isə İncəsənət Universitetinin tələbələrinin ifasında “Naxçıvani” rəqsi ilə başladı. Ardınca isə hər iki ali məktəbin kolletkivləri öz çıxışlarını təqdim etdilər. Belə ki, ADMİU-nun tələbələrinin ifasında M.F.Axundzadənin “Hacı qara” və Molyerin “Aldadılmış ər” əsərlərindən parçalar göstərildi. Bundan əlavə tələbələrin ifa etdiyi “Yallı” rəqsi də konsertə xüsusi əhval-ruhiyyə qatdı. Konservatoriyadan isə Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri Əməkdar artist Şirzad Fətəliyevin rəhbərliyi ilə “Azəri” balaban qrupunun ifasında, Aygül Həsənovanın (qanun) ifasında “Şur” kompozisiyası Respublikanın Əməkdar artisti Malik Mansurovun rəhbərlik etdiyi “Naznazı” qrupunun müşayiəti ilə səsləndi. Bundan əlavə Ehtiram Hüseynov “Şikəsteyi-fars” təsniflərini ifa etdi. Tədbirin sonunda S.Kəriminin “Ömrümün istəyi” mahnısını Azər Zeynalov müəllifin müşayiəti ilə səsləndirdi.