İyulun 4-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi San Marinoda keçirilən “Testene Art San Marino” beynəlxalq musiqi müsabiqəsinin qalibi olan AMK-nın İfaçılıq (Xalq Çalğı Alətləri – Balaban) fakültəsinin I kurs tələbəsi Ramin Pələngov ilə görüşüb.

 

Rektor, professor Siyavuş Kərimi ilk öncə Ramin Pələngovu qalibiyyət münasibəti ilə təbrik edib. Daha sonra Milli Musiqinin təbliğində bu səpkili uğurların olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, Konservatoriya daxilində olan böyük istedadların dünya musiqisində mükafatlandırılması ölkəmiz üçün böyük nəaliyyətdir. Tələbələrin bu yöndə özlərini inkişaf etdirməsi və dünya mədəniyyətində öz sənətlərini sərgiləyə bilməsi üçün əlimizdən gələn hər dəstəyi göstərməyə hazırıq.

 

Qeyd edək ki, Ramin Pələngov 27-29 iyul tarixlərində keçirilən müsabiqədə Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” və İtaliyanın xalq mahnısı “O Sole Mio” əsərlərini ifa edib. 20-ə yaxın ölkənin qatıldığı müsabiqədə Ramin Pələngov 1-ci yerə laiq görülüb və müsabiqənin kuboku ilə mükafatlandırılıb.

 

Bundan əlavə müsabiqə iştirakçıları layihə çərçivəsində İtaliyanın Florensiya və Venesiya şəhərlərinə səfər edərək İtaliya mədəniyyəti ilə daha yaxından tanış olublar.