Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın 92-ci il dönümü münasibətlə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunmuş tədbirdə çıxış etdilər. Tədbirin konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz” qəzəl-romansı, Müslüm Maqomayevin “Azərbaycan”, Cahangir Cahangirovun “Ana”, Səid Rüstəmovun “Həkim qız”, Tofiq Quliyevin “Əziz surət”, Sevil Əliyevanın “Ana” mahnıları ifa olundu. Sözügedən mahnılar AMK-nın müəllimləri – Respublikanın əməkdar artisti Anar Şuşalı, Beynəlxalq İnstrumental Muğam müsabiqəsinin qalibi Şəhriyar İmanov, eləcə də Konservatoriyanın tələbələri Güllü Muradova, Zümrüd Məmmədova, İsmət Sabirli, Babək Quliyev, Leyla Əliyevanın ifasında səsləndirildi. Sevda İbrahimovanın “Əbədi yurdum” mahnısını AMK-nın tərkibində İncəsənət Gimnaziyasının şagirdi Fərqanə Sadıxova Fidan Mirheydərovanın müşayiəti ilə ifa etdi. Bundan əlavə Sevil Əliyevanın “Elegiya” əsərini AMK-nın müəllimi, pianoçu Naibə Şahməmmədova, Faiq Şücəddinovun “Vətən balladası” əsərini isə Fidan Mirheydərova ifa etdi. Qeyd edək ki, bütün ifaçılar bir sıra Respublika mükafatları laureatlarıdır.