Ümummilli lider Heydər Əliyev 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman vermişdir.
2001-ci il 10 avqust tarixində isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Milli Koservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” geniş sərəncam imzalamışdır.
Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyası Təhsil Naziri Misir Mərdanovun 14.03.2003-cü il tarixli 224 saylı əmrinə əsasən təşkil olunmuşdur. Bu əmr milli musiqimizin tarixinin araşdırılması, milli musiqimizə aid xarici dillərdə olan ədəbiyyatın tərcümə edilib elmi-tədqiqat işlərində istifadə olunması məqsədilə verilmişdir.

AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi tərəfindən “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmək sənətşünaslıq doktoru, professor Sevil Fərhadovaya tapşırılmışdır. O, 2005-2011-ci illərdə laboratoriyaya uğurla rəhbərlik etmişdir.
Sevil Fərhadova yeni təşkil olunmuş laboratoriyaya təcrübəli və tanınmış tədqiqatçıları cəlb edilmiş və burada laboratoriya rəhbəri, baş elmi işçi, elmi işçi, kiçik elmi işçi, baş laborant və laborant vəzifələri üzrə həmin əməkdaşlar işə başlamışlar.
Öncə laboratoriyanın əməkdaşları qarşısında duran məqsədlər və bu məqsədlərdən irəli gələn vəzifələr müəyyənləşdirilmişdir.
Bunlar aşağıdakılardır:

Bir sıra unudulmuş musiqi folklorunun, irsinin öncə bərpası, sonda qorunub saxlanılması və elmitədqiqata cəlb olunması;

1.Milli musiqinin inkişafı üçün diaqnostika və proqnozlaşdırmanın elmi tələblərə uyğun şəkildə hazırlanılması;

2.Ümumi musiqi tədqiqinin metodoloji bazasının konsepsiyasının işlənilməsi;

3.Azərbaycan Milli Konservatoriyasının milli musiqi sahəsində tədris prosesini yüksəltmək üçün bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnərək işin təşkilini elmi əsaslarla, tədrisin elmi bazasını yenilikləşdirməklə, bu istiqamətdə təkliflər paketi hazırlamaqla onların tətbiq olunma mexanizmini müəyyən edilməsi;

4.AMK-nın beynəlxalq elm və tədris ocağına çevrilməsi istiqamətində təkliflər, tədbirlər və nəticədə fəaliyyət konsepsiyası planının hazırlanılması;

5.İstər Azərbaycanın müxtəlif regionlarına, istərsə də, azərbaycanlıların kompakt halda yaşadıqları bir sıra xarici ölkələrə (İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Rusiya və s.ekspedisiya səfərlərinin təşkil edilməsi;

6.Etnoqrafik musiqi nümunələrinin toplanılması və etnoqrafik konsertlərin təşkil olunması;

7.Milli musiqi nümunələrinin notlaşdırılması;

8.Orta əsrlərdə yazılmış risalələrin, əlyazmalarının Azərbaycanda, yaxud xarici ölkələrdə əldə olunması və tərcümə edilərək nəşrə hazırlanılması;

9.Peşəkar kadrların üzə çıxaırılmasından ötrü elmi diskusiyaların, seminarların, dəyirmi masaların, konfransların keçirilməsi;

10.AMK-nın “Konservatoriya” elmi jurnalının beynəlxalq aləmdə fəaliyyət göstərməsindən ötrü lazımi addımların atılması, bu yöndə müvafiq sənədlərin hazırlanılması.

Ötən illər ərzində “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasında bir sıra uğurlu nəticələr əldə olunmuşdur.

2011-ci ildən laboratoriyaya rəhbərlik etmək bu sətirlərin müəllifi sənətşünaslıq namizədi (sənətşqnaslıq üzrə fəlsəfə doktoru), dosent Abbasqulu Nəcəfzadəyə tapşırılmışdır. Xatırladaq ki, Abbasqulu Nəcəfzadə 2005-2011-ci illərdə AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” adlı digər elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının elmi işçiləri, daha dəqiqi, hər bir əməkdaşı üçün illik iş planı tərtib edilir, onların görəcəkləri işlər və mövzular müəyyənləşdirilir. Əməkdaşlar hər 3 aydan bir özündə milli musiqimizi tam əhatə edən, hər hansı problemin həllini tapan, elmi nəticəsi verilən məqalələr işləyib hazırlamalıdır. Mövzuların əhatə dairəsi geniş olmalı, ümumilikdə milli musiqimizin bütün janrlarına (rəqs, muğam, aşıq, meyxana və s.) müraciət olunmalıdır. Rəhbərlik tərəfindən həmin məqalələrə baxılaraq, münasibət bildirilməlidir. Əgər məqalələr qənaətbəxş deyilsə, rəhbərliyin irəli sürdüyü müxtəlif təklif və məsləhətləri əsasında müəllifə yenidən işlənilməsi üçün qaytarılır. Daha sonra həmin məqalələr yerli və ya xarici kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya, radio) işıqlandırılır, təbliğ olunur. Həmin məqalələr və gördükləri iş haqqında hər bir əməkdaş ilin sonunda yazılı şəkildə hesabat verməlidir. “Konservatoriya” elmi jurnalının daha da oxunaqlı olması üçün də laboratoriyanın əməkdaşları fəallıq göstərirlər. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir.

Laboratoriyanın əməkdaşları ötən illər ərzində milli musiqinin tədqiqi və araşdırılması yönümündə öz dəyərli təkliflərini verməklə dövrü mətbuatda bir sıra elmi məqalələr çap etdirmişlər. Bu baxımdan laboratoriyanın elmi işçiləri – Abbasqulu Nəcəfzadə, Tariyel Məmmədov, Kəmalə Əsədullayeva, Sevda Bədəlova, Kəmalə Hacıyeva ölkəmizin müxtəlif kitabxanalarından dəyərli bilgilər əldə edir, bu məqsədlə onlara rəhbərlik tərəfindən hər cür şərait yaradılmış, laboratoriya texniki avadanlıqlarla təchiz olunmuşdur.

1683-1684-cü illərdə o taylı-bu taylı Azərbaycanda səyahətdə olmuş alman səyyahı Engelbert
Kempferin latın dilində yazdığı xatirələrinin çalğı alətləri ilə bağlı hissəsini axtarışlar nəticəsində çətinliklə də olsa, orijinal formasını əldə etmişik. Burada müəllif 23 çalğı aləti haqqında məlumat verir. “Konservatoriya” jurnalının növbəti saylarının birində bu məqalənin çalğı alətləri ilə bağlı hissəsinin həm orijinal formasını, həm də tərcüməsini şərhlərlə oxucularımıza təqdim etməyi planlaşdırmışıq.
Yəqin ki, yaxın gələcəkdə bu arzumuzu reallaşdıracağıq.
Adı çəkilən məqalədə bir sıra unudulmuş çalğı alətlərimizlə bağlı maraqlı məqamlar olduğundan inanırıq ki, gələcəkdə sənətkarlar bərpa və təkmilləşdirmə işlərində bu mənbədən xeyli faydalanacaqlar.

Yada salaq ki, milli musiqi tədqiq olunan məqalələrdə tarixi, ədəbi, arxeoloji, etnoqrafik, miniatür illüstrasiyalar və linqvistik mənbələrə istinad edilməli, müvafiq qaynaqlar təqdim edilən ədəbiyyat siyahısında öz əksini tapmalıdır.
Laboratoriyada işlənilən hər hansı məqalə müəllifin uzun elmi axtarışlarından sonra ərsəyə gəlir.

Laboratoriyanın əməkdaşları musiqi folkloru nümunələrini toplamaq məqsədi ilə ölkənin müxtəlif regionlarına və azərbaycanlıların kompakt yaşadıqları bir sıra xarici ölkələrə vaxtaşırı ekspedisiya səfərinə yollanırlar.

Qeyd olunmalıdır ki, laboratoriyanın elmi işçiləri (Abbasqulu Nəcəfzadə, Tariyel Məmmədov, Kəmalə Əsədullayeva, Sevda Bədəlova, Kəmalə Hacıyeva) ölkəmizin müxtəlif kitabxanalarından dəyərli bilgilər əldə edir, bu məqsədlə onlara həftənin müəyyən iş günlərində ayrıca vaxt ayrılmışdır.

Laboratoriya rəhbərinin layihəsi əsasında Əbdülqadir Marağalının XIV əsrin sonlarında icad etdiyi idiofonlu (özənsəsli) əlvah aləti bərpa olunmuşdur. Bu alətin ilkin variantını heç bir təmənna güdmədən, ictimai əsaslarla AMK-nın əməkdaşı Seyidağa Mirbabayev hazırlamışdır. Əlvah 16-17 dekabr 2010-cu il tarixində Bakıda keçirilmiş “Türkdilli xalqlarin musiqi alətləri” adlı Beynəlxalq Simpoziumda musiqi ictimaiyyətinə İlhamə Hüseynovanın ifasında təqdim olunmuşdur. Daha sonra 15 oktyabr 2011-ci il tarixində ölkənin nüfuzlu alimlərinin qatıldıqları “TEDxBakı” adlı tədbirdə əlvahı əməkdar artist Həsənağa Sadıqov böyük peşəkarlıqla ifa etmişdir.

Əlvah inkişaf etdirilməkdən ötrü tədris olunmalı, onun dərsliyi və bu yöndə metodik tövsiyələri hazırlanmalıdır. Əlbəttə, bu işləri “Milli musiqinin tədqiqi” laboratoriyasının əməkdaşlarının yaxından köməyi ilə səriştəli və peşəkar musiqişünaslar görməlidir.

Laboratoriya üzvləri (Abbasqulu Nəcəfzadə, Tariyel Məmmədov, Kəmalə Əsədullayeva, Sevda Bədəlova, Kəmalə Hacıyeva) milli musiqinin tarixi, nəzəriyyəsi, inkişaf mərhələləri və digər musiqişünaslıq mövzuları ilə əlaqədar mətbuatda bir sıra elmi məqalələr və monoqrafiyalar çap etdirmişlər.

Baş laborant Rövşən Məmmədov AMK-nın internet saytında “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyası haqqında daim yeniləşən məlumatları yerləşdirir. Digər laborant Azadə Məmmədova isə laboratoriyaya aid işlərin kompüter yığımı ilə məşğul olur, həmçinin laboratoriya əməkdaşlarının iş qrafikinə nəzarət edir. A.Məmmədovanın, eləcə də Rövşən Məmmədovun “Konservatoriya” jurnalının materiallarının toplanılması və korrektə olunmasında da böyük xidmətləri var.

Yeri gəlmişkən qeyd edək ki, “Konsrvatoriya” jurnalının ərsəyə gəlməsində ictimai əsaslarla baş laborant Renat Nəbiyev də öz köməyini əsirgəmir.
Yola salacağımız 2011-ci il AMK-nın həyatında xüsusilə əlamətdardır.
2011-ci il dekabrın 28-də AMK-nın 10 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində təntənə ilə qeyd edildi.
Biz də “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının əməkdaşları adından AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimini, eləcə də AMK-nın bütün professor, müəllim və tələbə heyətini yubiley münasibəti ilə ürəkdən təbrik edir, onların hər birinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.